Səngərə bərabər vətən: Qazilərlə Söhbət – “3 dəfə minaya düşüb....”

O, 1962-ci ilin oktyabrında anadan olub. Orta məktəbi bitirəndən sonra hərbi xidmətə yolanır. Xidməti başa vurub bir müddət Qazaxıstanda yaşayır. 1991...

O, 1962-ci ilin oktyabrında anadan olub. Orta məktəbi bitirəndən sonra hərbi xidmətə yolanır. Xidməti başa vurub bir müddət Qazaxıstanda yaşayır. 1991-ci ilin sentyabrında isə Vətənə qayıdır. Daha doğrusu səngərə. Vətən elə səngərə bərbərdir...

 Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edir, iki dəfə minaya düşsə də qoruna bilir, ancaq üçüncü dəfəki mina... 1993-cü il iyunun 13-də üçüncü dəfə minaya düşür. Uzun müddət Bakı hospitalında, sonrasa protez xəstəxanasında yatır.

Narazı da deyil, deyir ki, allahın verdiyi ömürdür, yaşayırıq. Döyüşləri xatırlayarkən danışır ki, digər əqidə dostları kimi özü də cəbhəyə könüllü yollanıb. Məqsədsə bir olub: erməniləri torpaqlarımızdan təmizləmək: “Hakimiyyətdən asılı olmayaraq dövlət üçün çalışmışıq. Biz müstəqillik üçün çalışırdıq, onu da qazandıq. Bayrağımız var, gerbimiz var. Ancaq barışığı, sülhü, danışıqlığı gözləmək lazım deyil. biz çox çətinlik görmüşük, elə 1905-ci ildən bu tərəfə beş dəfə danışıq olub, hamısında da ermənilər yenə işğalçılıq edib. O erməni ki, dövlət qurması üçün biz onlara torpaq vermişdik. Müharibə!

- Siz deyirsiniz ki, danışıqlara getmək əvvəlki səhvləri təkrarlamaqdır?

- Bəli. Onlar bütöv Azərbaycana sahib çıxmaq istəyirlər. Bizim səhvimiz sülhə getməkdir. Bir az pis səslənə bilər, kiməsə “kiş” deməklə o çəkilə bilməz. Üstünə gələnin qabağına getməlisən ki, biləsən, qarşında kimsə var.

Əvvəllər fərarilik baş alıb gedirdi, bunu yaradan da keçmiş müdafiə naziri Məmmədrəfi idi. Bizim yanımızda gəlib burda da fərarilik edən əsgərləri həbs etdirir. O vaxt qəzetdə də vermişdim, fərariliyi sizdən öyrənmişik. Siz qaçırsınısa biz niyə qaçmayaq? Sonra dedilər ki, lazım deyil, danışmayın. Dedim ki, mənimlə 18 yaşlı gənci eyniləşdirmək olmaz. Onsuz boşluq yaranan kimi o qaçacaq.

Keçmişin keçməyənləri...

İyunun 13-də, mən yaralandığım gün Xankəndiylə bizim aramızda 5 km yol olub. Yaralandığıma görə döyüşə bilmədim. Sonra necə oldu ki, bir ilə getdiyimiz yoldan üç ay çəkmədi ki, hamı qayıdıb gəldi. Ağdərə də getdi, Ağdam da, Füzuli də, Cəbrayıl da, Qubadlı da, Zəngilan da.

- Getməyinə səbəb nəydi?

- Səbəb o idi ki, dövlət başçımız yoxuydu. Ordu komandiri var idi, burda döyüşlər gedirdi Bakıdasa siyasi çəkişmələr. Biri deyirdi mən prezident olacam, digəri deyirdi nazir.

- Bəs orduda çatışmayan tərəflərimiz nə idi?

- Orduda prolem yoxuydu. Mən görməmişəm ki, ordu başsız qalsın. Dövlətimiz başsız idi. Komandir əmri əmr idi; “oldu komandir”, “baş üstə”.

Sonra döyüş yolundan danışırıq. Qazaxıstanda qayıdandan donrakı illərdən...

“Cəbhəyə könüllü yollandım. Hətta hərbi formama qədər özüm almışdım.

- Forma ilə təmin olunmurdunuz?

- Verilirdi, amma mənim xoşuma gəlmirdi. Bir də o vaxt başqa cür idi. İçimizdə olan dövləti istəməyənlər deyirdilər ki, getməyin, formanı geyinməyin, sizi öldürəcəklər. Bizsə, müqavilə bağlayıb gedirdik cəbhəyə. Düzdür, o vaxt konpensasiya məsələsinə görə müqaviləmiz oldu, ancaq onu bu gün də ala bilmirik”.

Bu yerdə haşiyəyə çıxır: “70-ci illərdə peşə məktəbinə gedirdik. Çox vaxt da gəzmək üçün Ağdamdan keçib Xankəndinə yollanırdıq. Xatırlayıram ki, bizi 5-6 yaşlı erməni dığaları bizi görəndə “turk” deyib qaçırdılar. Çünki o uşaqlar o formada böyüdülürdülər. Bizdə isə nə isə olanda deyirik yazıqdır. Məncə, ən zəif yerimiz budur”.

- Bəs uşaqların o formada tərbiyə olunmasına münasibətiniz necədir?

- Millətini sevməsi üçün uşağa düşmənini tanıtmaq lazımdır. Qoy onlar böyüyəndə bizi söyməsin ki, düşmənimi mənə tanıtmamısan. Məsafəni qorumaq üçün, ayıq-sayıq olmaq üçün düşməni tanımaq lazımdır. Biz erməni içində ermənini söyən azərbaycalılarıq. Bu gün həmin ermənilər bizdən torpaq istəyir. Müstəqillik gül dəstəsi deyil ki, bəxşiş kimi versinlər. Onu qazanmaq lazımdır. Buna görə əziyyət çəkmək lazımdır. Biz toraqlarımızı geri qaytarıb bütövləşməliyik.

- Qarabağ qazisi kimi çətinliyiniz nədir?

Ən azı dövlət elə şərait yaratmalıdır ki, biz də başqa ölkələrdəki veteranlar kimi öz səsimizi eşitdirə bilək. Keçdiyimiz döyüş yolundan danışıb gəncləri ruhlandıraq. Deyək ki, bu vətən üçün can verməyə dəyər. O vaxtkı müqavilələr, sənədlər indi Müdafiə Nazirliyindəki arxivdən tapılmır. Hospitalda yatdığı haqqında kağız, maaş aldığı haqqında sənəd yoxdur. Ona görə konpensasiyamızı, qan pulumuzu ala bilmirik. Hərbi qulluqçu, birinci qrup əlil kimi 470 Azn alıram, ancaq hərbi qulluqçu olmayan birinci qrup əlillər 220 AZN alır. O pulla kim dolana bilər? Kommunal pulu zibil pulu geyim xərci... Elə aldığın pulun bir qismini dövlətə qaytarırsan. Başqa ölkələrin vəziyyətiylə maraqlanıram. Onlarda qazilər, veteranlar nələrdənsə azad olunur, ya da güzəşt tətbiq edilir. Bu gün ağacdan yıxılanla döyüşdə ayağını itirənin heç bir fərqi yoxdur. Bu gün nazir harasa gedəndə beş milyardla gedir. Ancaq bizim qan pulumuz verilmir. Prezident deyir, verilsin, nazirlər kabineti deyir ki, verilsin, amma sığorta pulumuzu kim verməlidir, bilmirəm. Ən zəif ölkə olan Ermənistan bu məsələni beş il əvvəl həll edib. Dağıstan bizdən qaz alıb veteranlarına pulsuz qaz verir. Bizsə Gürcüstan kilsələrinə pulsuz qaz veririk.

- Bir Qarabağ qazisinin çağırışı nə ola bilər?

- Mən istəmirəm, cavanlar bizim günümüzə düşsünlər. Neçə idən sonra bizə söyüb deməsinlər ki, bunu vaxtında bitirərdiniz.

- Batalyonunuzda xanım döyüşçü vardımı?

- Döyüşçü yox, ancaq ilkin tibbi yardım göstərən cəsur xanımlarımız vardı?

- Sizcə, xanımlar döyüşə bilərmi?

- Əlbəttə.

Bəli, xanımlar döyüşə bilər. Bunu Nurcahan Hüseynovanın timsalında da görmüşük. Nümunələr az deyil.

Ancaq bəzən də xanımlar silahsız döyüşür: ərinin yolunu mərdcəsinə gözləməklə, yaralı yoldaşına yar qalmaqla, əmək qabiliyyətini itirib fiziki məhdudiyyətli ərinə ömür yoldaşı olmaqla... İkinci müsahibim ən az birinci müsahibim qədər qəhrəman olan Könül xanımdır.

 Söhbətboyu kənardan bizə qulaq verən Könül xanıma yaxınlaşıram. Bir gözüylə gülən, digər gözüylə niskil daşıyan xanıma. Qazimizin xalası qızıdır Könül xanım. 49 yaşı var. Bərdə pambıqçılıq texnikomunu bitirib. Sonra ailəsinin məsləhətiylə xalası oğlu Bəhruzla ailə qurur. 3 aydan sonra Qazaxıstana yollanan cütlük müharibə başlayanda Vətənə qayıdır:

 “Biz Qazaxıstandan qayıdan vaxtı müharibə başlamışdı deyə qaynım da cəbhəyə yollanmışdı. Elə Bəhruz da ona qoşuldu. Getdilər Ağdamda gedən döyüşlərdə iştirak eləməyə. 6 aydan sonra Bəhruz yaralandı. İki dəfə minaya düşmüşdü, ancaq üçüncü dəfə düşdüyü minada ayaqlarının hər ikisini itirdi. Düz iki il Bakıdakı xəstəxanada (hospitalda) yatdı. Sonrada protez xəstəxanasına göndərdilər. Çətin günlər idi”.

- Deyir, üç övladları var; iki qız, bir oğlan: “Qızların ikisi də ailəlidir”.

- Yeni ailə qurmuşdunuz, döyüşlər başlayanda yoldaşınızın getməyinə necə razı oldunuz?

- Razı oldum getməyinə. Çünki müharibə Vətən uğrunda idi. Düzdür, yeni ailə qurmuşdum, narazılığım vardı, dedim getmə. Ancaq dedi ki, mən getməliyəm. Getdi. Bəhruz yaralanandan sonra qardaşı (Camalov Rövşən Saleh oğlu) şəhid oldu.

- Getdi. Nə vaxt bildiniz ki yaralanıb?

- Üçüncü dəfə minaya düşəndə yaralandı Bəhruz. Bunu da mənə deməmişdilər. Bir həftədən sonra qəzetdə oxudum ki, o, yaralanıb.

- Könül xanım, məncə, bu xəbəri qəzetdən oxuyub bilmək sizə daha çox təsir edər, nəinki, ailədə kimdənsə eşitmək...

- Əlbəttə, çox təsir elədi. O günləri yadıma salmaq istəmirəm (ağlayır).

- Xəbəri oxuyandan sonra yəqin ki, hospitala getdiniz.

- Getmədim, gedə bilmədim. Bəhruz heç vaxt icazə verməyib ki, hospitala gedim. Həmişə deyirdi ki, Könül gəlib məni belə görsə pis olaram. Təkcə telefonla əlaqə saxlayırdıq. Razı olmayıb yanına getməyə. Xəstəxanada da bacısıyla qardaşı qulluq edib ona.

- Həmin ərəfədə övladınız vardı?

- Xeyr, o vaxtı övladımız yoxuydu. Sonra üç övladımız oldu.

- Yoldaşınız yaralanandan sonra yəqin ki, müəyyən vaxt telefon əlaqəniz kəsildi. Heç şübhələnmədiniz ki, yaralana bilər?

- Düzü, heç şübhələnməmişdim. Sən demə, qohumlar gedirmişlər yanına. Təzə-təzə heç Bəhruz özü də bilmirdi ki, ayaqları yoxdur.

- Yoldaşınız bir ildən sonra hospitaldan çıxdı...

- Hə,hospitaldan çıxandan sonra bir il protez xəstəxanasında qalmalı oldu. Ancaq tez-tez evə gəlirdi.

- Yəqin ki, çətin olardı həmin ərəfələr...

- Əlbəttə, çox çətiniydi. Düzünə qalsa, elə indi də çətindir. Təsəvvür edin, iki protez və iki çəliklə hərəkət edir. Getdikcə də yaşı artır. Çox çətinlik çəkir.

- Ancaq ən böyük çətinlik həm də sizin üzərinizə düşür. Bir qadın kimi hansı çətinliklərdən keçdiniz, bunun öhdəsindən necə gəldiniz?

- Baş-başa verib ikimiz də öhdəsindən gəldik. Ailəyik, bütün ailələr kimi biz də birlikdə bacardıq.

- Bəs ətrafınızdakılar necə, sizə dəstək oldularmı?

- Sağ olsunlar, qohumlar dəstək oldular. Ata da, bacı da, qardaş da yanımızdaydılar. Elə əsas köməklik Bəhruzun özü oldu. O hər bir şeyin öhdəsindən gələ bilib.

- Üç övladı böyütmək asan deyil. Maraqlıdır, yoldaşınız necə işlə təmin olundu? Ailənin maddi təminatı necə qarşılandı?

- Bəhruz İctimai Birlikdə sədr müavini işləyirdi. Elə indi də işləyir. Ancaq o vaxtı maddi imkan yaxşı olurdu, çətinliyimiz indi başlayıb. Həmin vaxt bizim çay evimiz vardı. Həm də Bəhruz marşrut xətti işlətdirirdi. İndi iş-güc yoxdu.

- Dövlət dəstəyi necə, özünü göstərirdi?

- İndi pensiyanın ümidinəyik.

- Neçə nəvəniz var?

- Beş nəvəmiz var. İki övladımı köçürmüşəm axı.

- Qızlarınız təhsil alıblar?

- Orta məktəb bitirib ikisi də.

- Özünüz istəmədiniz?

- Biz istəyərdik oxusunlar. Hazırlıqlara da gedirdilər. Elçilər imkan vermədi...

- Bəs, Qarabağ qazisinin xanımı kimi indiki xanımlara nə demək istərdiniz?

- Qarabağ qazilərinin yoldaşına səbr arzulayıram. Ancaq sərbli olsunlar. Birdən çatışmayan nə isə olanda özüm də səbirsizlik edirəm, ancaq səbrdən başqa əlimizdən nə isə gəlmir. Mən bu saat haradasa işləyə bilmirəm. Hərdən Bəhruzə deyirəm, deyir ki, bəs mən? Birinci qrup əlillərin ailələri işləyə bilmirlər. Allah hamımıza səbr, can sağlığı versin.

Azade Yolcu

# Dedi

15 Tem 2022 - 16:13 -


TÜM RÖPORTAJLAR GÖSTER



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA), Anka Haber Ajansı (ANKA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.


İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (544) 375 03 30
Reklam bilgi


Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?