Anası olmayan qazilərə ana olacaq şəhid anaları...

Heç vaxt yanımızdan keçməyəcək insanlar başımızın üzərində, ürəyimizin başında yer aldılar. Onlar təkcə işğaldakı torpaqlarımızı deyil, könüllərimizi fəth etdilər. Bir gedişlə min dönüş yaratdılar. Yaşadılar!

 İndi uzaqdakılar da doğma, yadlar da yaxındır onlara. İndi qazandıqları zəfər - sevincimiz, ayrılıqları - ağrımızdır. Gətirdikləri zəfər, apardıqları kədərlə bizimdir. Bizimlədilər!

 Biz şəhid analarına bala olduqca, onlar da anası olmayan qazilərə ana olurlar. Sol gözlərinin yaşını sağ gözlərinin gülüşü silir. Sonra gülən gözləri yenə dolur. Həmin analara deyəndə ki, - "rahat olun, ay ana, oğlunuz cənnətdədir", - eşidilməyəcək sakitliklə, - "mən də cəhənnəmdəyəm, ay bala", - deyirlər. Yaşayırlar!

 Bizim də gözlərimiz bir - biri ilə həmahəng olmadı... güldük, ağladıq, ayrıldıq, dəfn etdik... və bir gün də öləcəyik. Fərqimiz, bizim bu gün yaşamağımızda, şəhid övladlarınızınsa bizdən sonra da yaşayacağındadır.

 Lakin sözlər ovutmur. Şəhid İzzət Həmidovun anası Vəfa ana deyir ki, mənə dünyanı bağışlasalar ürəyim bir azca da olsa soyumaz. Ancaq yaşayıram. Oğlumsa mənsiz ölərdi, mənsə daş oldum, yaşadım.  Hə, şəhid anaları ölmədilər, ölürlər. Mənə "gözün aydın, oğlun şəhid oldu!" deyilən gündən ölürəm.

 Oğlunun əsgər olduğuna inanmayanlar indi nənə deyir həmin analara.

İki oğlunu şəhid verən Nəhayət ana isə Musa və Turalını gəzir Mingəçevirin hər küçəsində. Keçdiyi hər baqqalın qarşısında ayaq saxlayıb, - "görəsən, buradan nə vaxtsa nə isə almışdımı oğlum", - deyir. Gördüyü hər gənci bir az Turalına bənzədir, bir az da Musasına. Daha qocalar da Turallaşır, Musalaşır ana üçün. Bütün gördükləri övladlaşırsa, bu,  möhkəm çiyin üzərində belə daşınması çətin əzabdır. O əzab arzulayıb yaşamadığı övladlarının günləridir, ağrını yaşamaq deyil, ağrının özüdür.

  Analar dərdlərini ürəklərinin kənarında ovudurlar, atalarsa ürəklərinə gömürlər. Analar gözlərindən ağlayırlar, atalarsa ürəklərindən. Yuxarısı boğaza qədərdir, gəlməz gözə. Gətirməzlər bir gilə yaş da. Yavər ata da düşünürdü əlindəki qırışların cızdığı xətti izləyə - izləyə: "Görəsən Arazım keçirmi Xudafərindən? Gördümü anadan olmasının 28-ci ildönümünü necə keçirtdiyimizi? Eşitdimi bircəcik bacısının bizə həm Rahibə, həm Araz olacağını deməsini? Hiss etdimi onu heç vaxt görməyən və onun heç vaxt görmədiyi kəslərin sevgisini, fəxrini, qürurunu... Azərbaycanın ona qucaq açmasını". Yavər kişi həyat yoldaşı Qəmər xanımı görüncə sağ gözüylə gülüb ondan çay istəyir. Beləcə yaşayırlar şəhid ataları. Yəni belə dözürlər şəhid ataları...

 Əvvəl atasına görə oğlundan hal - əhval tutanlar, indi oğluna görə atasının qolundan tutub bağırlarına basırlar.

  Bütöv ömrünü qardaşlı bir günə verməyə hazır olan bacıların yanında bütün qızlar qardaşsızdır. Şəhid sevgilisini itgin bilib gəlişini gözləyənlər üçün hamı subaydır.

  Kəmalə bacı qardaşının damsız qalan Vəndamındakı sahibsiz evinə ağlayır. Səmayə ananın dərdi isə qara örpəyindən çıxan saçlarında ağarır. Bu, nə ananın dərdidir, nə də bacının, bu, səngər generalına ağlayan hamının acısıdır. Vaxtilə onun həkim olmasını arzulayan Aybəniz Həşimova düşünür: "Sən arzuladın, mən də Tibb Univetsitetinin "Müalicə işi" ixtisasına daxil oldum. Həmişə səslədiyin "Qaraca qız"ın indi tələbədir. Bəs "Qara qız"a ağ xalat necə yaraşdı? Mənim səni hər şəklində səngərdə görüb sevindiyim qədər sevindinmi, ata? Azərbaycanın üzünü ağ edən generalının arzusunu doğrultmaqla qızı da onun üzünü ağ etdimi?".

Qaranlıq suallar bütün şəhid ailələri kimi Vüqarı da narahat edir. O Vüqar ki, Vətən Müharibəsinin ilk hərbçi xanım şəhidi Arəstə Baxışovanın qardaşıdır. İndi Zəhra və Mərdana dayıdan da artıq dayıdır.

Bu müharibə özünü hər iki üzü ilə göstərdi; alnımızın soyuğunu əlimizin istisi ilə sildik. Bir tərəfimizdəki boz rəngi digər tərəfimizin çəhrayısı ilə boyadıq. Əskik də qaldıq, çoxaldıq da! Eyniləşərək bütövləşdik. İlk dəfə idi ki, ağlama və sevinmə səbəblərimiz bərabərləşdi, qalib olduq!

 

Azadə Yolçu

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade BAYRAMOVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA), Anka Haber Ajansı (ANKA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?