Mən uşaqlığımı buraxmışam

Dostum, fərqli həyatlar və talelər yaşamışıq, bəzən hissizlik, bəzən də ürəyimizə çəkilib susmaq olub ümidlərimizin gizləndiyi yer. Bəzən doğrularımızın qana boyanmasının, bəzən də ruhumuzun kimsəsiz ölməsinin şahidi olmuşuq. ...Və beləcə ömrümüzün gözəl anlarını hardasa dəfn etmişik. Bunlar uşaqlığımızda olub, çox şey silinib yaddaşımızdan və ya bilərəkdən silmişik. İndi isə ömrümüzün gözəl anlarını harda dəfn etdiyimizi belə xatırlamır və ya xatırlamaq istəmirik!

                                                                              ***

            ...Bu yerlər hardansa tanış gəlirdi mənə.  Lakin hardan tanış gəldiyini tam olaraq yəqinləşdirə bilmirdim. Günəşin batması və ardınca gündüzün özünü gecəyə təslim etməsinin şahidi olmaqdan düzünü desəm, yorulmuşam. Artıq gecələrə nifrət edirəm. Bütün ağrı-acılarımı, əzablarımı xatırladır, keçmişimi vurur üzümə, rahat yatmağa belə qoymur. Hər gecə ümidsiz gecələrin əlindən gündüzlərə qaçmağa tələsirəm: böyük şəhərlərdə insanların harasa tələsdiyi kimi.

            Ətrafa boylanırdım. Elə bu andaca sol səmtimdən uzanmış geniş yoldan başqa bir şey gözlərimə dəymirdi. Yeyin addımlarla geniş yolun qoynuna yön aldım.  Nədənsə tikanlı fikirlər dolaşırdı beynimin ən dərin künclərində. Sanki ətrafdakı külək içimdə əsirdi. Saflığa bürünən adam kimi xeyli yol qət eləmişdim. Get-gedə yollar dağ yamaclarına sarı qalxır, enli yollar darlaşır və burula-burula sıldırım qayalara aparırdı məni. Yolları arxada qoyduqca qəribə darıxmaq bədənimin hər yerinə hopurdu. Yolboyu təbiətin əsrarəngiz mənzərəsi olmasaydı, bəlkə də, çoxdan tükənər və geri qayıdardım. Bəzən də yanaqlarımı qıdıqlayan xəfif mehin verdiyi hisslər içimdəki adsız boşluğu unutdurmağa çalışdırırdı.

            Nəhayət tikanlı məftillərlə bürünmüş düşüncələrimlə birgə dar keçidləri də arxada qoyub təbiətin başqa bir ünvanına, dağlar arxasındakı kiçik yamaclara çatmışdım. Ətraf çox sakit idi ki, bu da qəlbimin toranlıq səthinin aydınlanmağına kömək edirdi müəyyən qədər. Digər yandan da sərin küləyin yanaqlarıma sığal çəkməsi göylərdən enib gələn dua kimi ruhumu oxşayırdı. Lakin bu hüzn dolu mənzərə çox davam etmədi, hardansa gələn bir səs məni özünə tərəf çəkib apardı.

            Bu uşaq səsi idi, qarşımda yerə dikilmiş daş qayacığının arxasından gəlirdi. Heç tərəddüd etmədən həmin səmtə addımladım. O idi, həmin uşaq, bir aydan çox olardı ki, yuxularıma qənim kəsilmiş, hardasa gizlənmiş, xəyallarla çarpışan, bəzən də gələcəyi üçün ağlayan həmin uşaq. Onu izləyirdim, nə danışırdı, nə edirdi, nə düşünürdü, niyə ağlayırdı deyə.

            Hərbi formada olan əsgər kuklası, odun parçalarından ərsəyə gətirdiyi universiteti xatırladan bina, palçıqdan düzəltdiyi ev və evin içərisində ərsəyə xətirdiyi xoşbəxtlik saçan ailə görüntüsü və daha başqa nələr. Yan tərəfində içərisində əyləşmiş bəylə gəlin olan gəlin maşınına xüsusi diqqət ayırırdı. Ara-sıra səssizlik içərisində qıvrılan ətrafa da nəzər salır, sanki o da gecənin düşməsini istəmirdi. Susmuş duyğularım gördüyüm mənzərə qarşısında səssizliyin ən dərinliyinə batmışdı. Bəlkə də düzəltdiyi oyuncaqlar onun dünyada sahib olduğu ən dəyərli varlıqları idi, əvəzolunmaz önəm kəsb edirdi.

            Qaranlığın artması səbəbilə yavaş-yavaş oyuncaqlarını daşların arasında düzəltdiyi oyuğa yığmağa başlayan uşaq axşamın düşməsi səbəbilə evlərinə sarı yollanacaqdı. Amma o, tələsmirdi və hətta bir az da oynamaq istəyirdi. Oyuncaqlarını elə bir ağırlıqda oyuğa toplayırdı ki, sanki qucağındakı ümidlərini yerə səpir, daşlar arxasında gizlədirdi. Ən son daha çox sevdiyi gəlin maşınını əlinə götürüb dikəldi. Vecsiz və ruhsuz baxışlarla ayağa qalxdı. Elə bu an balaca ilə göz-gözə gəldik.

            Susqun duruşumuz davam edirdi. Balacanın gözlərindən yaş axmağa başladı və o anlarda özümü saxlaya bilmədim. O, dərin bir kədərlə qucaqlaşmış sönük ümidləri ilə birgə üstümə atıldı. Aşağı əyilib onu qollarıma aldım. Qollarım sanki iyirmi dörd ilimin əzab və ağrıları ilə yüklənmişdi. İnana bilmirdim, bu, MƏN idim. İçimdəki ÖZÜMü tapmışdım, bu mənim öz uşaqlığım idi, özümü öz qollarıma yıxmışdım. Balaca MƏN ümidlərini MƏNdə, mən isə ümidlərimi onun əlindəki oyuncaq gəlin maşınının içərisində tapmışdım.

            Sıxdıqca sıxırdım uşaqlığımı qəlbimə. Keçirdiyim bütün ağrılı-acılı illərimi qucaqlamışdım sanki. Anlamağa çalışırdım ki, əslində məni üzən şey xəyal qırıqları deyilmiş, yaşaması mümkün  ikən yaşaya bilmədiyim xoşbəxtlik imiş, dəyərini bilmədiyim varlıqlar imiş. Halbuki onları əldə etmək üçün nələrdən keçmişdim, necə və nə tez də itirmişdim. O anlarda iki hissəyə bölünmüşdüm:biri iyirmi dörd yaşında həyatda müxtəlif statuslar qazanmış MƏN, digəri isə yeddi yaşında çarəsiz, xəyallarla yaşayan və ən dəyərli varlılğı əlindəki gəlin maşını olan yoxsul uşaqlığım. Bəlkə də uşaqlığım daha imkanlı idi, amma o anlarda o mənə çox yoxsul kimi gəlirdi. Çox çətin idi uşaqlığımla qarşılaşmaq və ona bu şəkildə sarılmaq. Həm də təhlükəli idi. Qorxulu yuxu kimi gəlirdi. Mən həmin uşaqlığımın ruhunda keçilməz məzarlıq qarşısında idim sanki. O anda düşündüyüm heç bir gələcək yox idi: hazırki MƏN və keçmişdəki MƏN.  İlahi, necə yollar keçmişəm, nələr görmüşəm bu həyatda. Necə ağrılar çəkmişəm, necə acılar yaşamışam.  Çox incidirdi uşaqlığımın qarşıma çıxmağı. O balaca MƏN indiki MƏNə çatmaq üçün daha on yeddi il yaşayacaqdı, necə sınaqlar keçməli idi. Hələ çox olacaqdı ağrı-acıları, özündən bezimələri, sızıltıları, hıcqırtıları, çarəsizlikləri...

            Biz xeyli qucaqlaşdıq. Körpə barmaqlarına kimi öpürdüm. Gözlərimiz, göz yaşlarımız danışırdı ancaq. Gözlərindən gilələnib tökülən göz yaşları yanaqlarımda cığır açmışdı, qəlbimə axırdı.

            ...Mən onu astaca yerə qoydum və heç nə olmamış kimi geri çevirilib gəldiyim yola sarı qayıtmağı düşündüm. Bəli, bu yerlər idi, uşaqlığımın keçdiyi yerlər. Çox çətin mənzərə idi məhv olmuş uşaqlığımla yenidən burda qarşılaşmaq. Balaca MƏN ağlamağında idi, həmin an üçün onun bir istəyi var idi: oyuncaqlarını da götürüb mənimlə ordan getmək. YOX, əsla! Mən bunu bacara bilməzdim, uşaqlığımı özümlə apara bilməzdim. Balaca MƏNi buraxmağa məcbur idim, kabusları, çarəsizliyi, məyusluğu daşıya bilməzdim özümlə. O daha da ağlayır, onu da özümlə aparmağım üçün yalvarır, göz yaşları tökürdü. Mən daha geriyə baxmadan iti addımlarla yoluma davam etməkdə idim. Başqa yolum yox idi, uşaqlığıma yenidən isnişə bilməzdim. Həyatın çoxillik, dərin, əlacsız və kəskin məyusluğundan azad olmaq üçün sürətimi artırırdım. Balaca MƏN bilməsə də mən onun bu on yeddi ildə nələr yaşayacağını, üzünə hansı qapıların çırpılacağını, nələr çəkəcəyini çox yaxşı bilirdim. Balaca MƏN, bağışla məni, bilirəm çox pisdir: Oyuncağın ola, bəxtin olmaya. Elə sən əslində ən xoşbəxt və qayğısız illərini yaşayırsan. İti addımlarla daha da qaçır, sürətimi artırırdım. O isə arxamca daha möhkəm qaça bilsin deyə əlindəki gəlin maşınını qayalara çırpdı. Maşın hissələrə ayrıldı və içərisindəki bəylə gəlin diyirlənərək kiçik quyuda birləşdilər. Bəlkə də bu mənim iyirmi dörd yaşımdan sonrakı bəxtim idi, amma nə olursa belə dayanmaq olmazdı. Qaçdıqca qaçırdım.

Xeyli yol qət etmişdim, elə sürətimi yavaşıdacaqım ki, sağ ayağım daş parçasına ilişdi. Sağ dizim daşlar arasında necə möhkəm əzildisə belə dayanmaq əzmimə təsir etmirdi. Mən uşaqlığımdan öz keçmişimdən qaçmaq üçün deyil, məni ön yeedi il gözləyən haqsızlıqlardan qurtulmaq üçün imtina etmişdim.

            Elə bu an telefonumun zəngi çaldı, yuxudan ayıldım. Tər-su içərisində idim, saata baxdım ki, işə xeyli gecikmişəm. Xəyalım hələ də gördüyüm yuxunun təsirində idi. Bilmirəm, bəlkə də qırx bir yaşımda hardasa iyirmi dörd yaşımdakı – indiki MƏNlə qarşılaşacağam. Bəlkə də o zaman üçün qırx bir yaşımdakı MƏN indiki MƏNi qəbul etməyəcək, ya da əksinə. Axı Allah yaşatdıqlarımızı yaşatmadıqca öldürmür bizi...

Rizvan FİKRƏTOĞLU

# YAZARIN DİĞER YAZILARI

Yazar Rizvan Yardimli - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?