Zəfər Müjdəsi: əvvəl torpağımız qayıtdı, sonra əsgərimiz...

Dedilər müharibə başlayıb. Getdi!

Dövlət qəbul imtahanından yenicə kəsilmiş Həmid də, Həmidə son iki aya kimi dərs deyən Əli müəllim də, bu il tələbə adını qazanmış Əli müəllimin nəvəsi Uğur da. Beləcə, bütün Həmidlər, Əlilər, Uğurlar getdilər. Gedənlər zəfər müjdəsini gətirəcək əzmlə çıxdılar evlərindən. Yola salanda Həlimə ana bir dolça suyu oğlunun arxasınca tökmüşdü. Bəxtiyar baba nəvəsinin sifətini iki əlinin arasında ehmalca sıxıb, "Vətən sizə əmanət!" demişdi. Vüsalla xudahafizləşərkən bacısı qardaşının cib dəsmalını gizlincə öz önlüyünə basmışdı. Sevda isə uzaqdan yola salmışdı sevgilisini, cankönlünü. Ömrünün yarısını Qarabağda keçirən ağsaqqaldan tutmuş oranın torpağına bircə dəfə ayaq basmayan gəncə kimi hər kəs getdi. Çünki illərdi samovar çayının tüstüsü də qaçırdı işğalda olan torpaqlarımıza... Bir könüldən min arzu da qovurdu hər dəfə samovar ətrafında toplaşanları o tərəfə... Cəmi yeddi gün keçmişdi getdiklərindən. Oktyabrın dördü. Dedilər Cəbrayıl azaddır! Bir vaxtlar İncəçöldə top arxasınca qaçan övladlarına baxıb gülən valideynlər indi qəhərlənirdilər şad xəbərdən. İllər əvvəl Gəyan çölündə isti təndir çörəyinin arasında motal pendirini yeyən baba bu gün sevincindən protezini atmışdı kənara. Oktyabrın on yeddisi. Dedilər Füzuli azaddır! Hamıdan çox Zəhra və nənəsi sevinirdi həmin gün. Daha təmas xəttinə ən yaxın rayonlardan olmayacaqdı Füzuli. Heç təmas xətti də olmayacaqdı. Oktyabrın on səkkizi. Dedilər Xudafərin körpümüz azaddır! Köks ötürdük. İndi Xudafərinimiz Cəbrayılda Arazın güneyini də, quzeyini də daha sıx birləşdirirdi. Oktyabrın iyirmisi. Dedilər Zəngilan azaddır! Bu dəfə çinarımızın boyunu əsgərlərimizin vüqarı keçdi. Oktyabrın iyirmi beşi. Dedilər Qubadlı azaddır! Hansısa qubadlılının divardan asdığı paslı açar qapı çəhrəsini açacaqdı daha. Bilmək olmur Günəşin sabah neçə gözlər qamaşdıracağını. Noyabrın səkkizi. Dedilər Şuşa azaddır! Daha Xan Şuşinski, Qarabağ şikəstəsi Dədə Əmrahların, Kamandarların dilində səslənəcəkdi elə Şuşadaca. Daha Koroğlu cəngisi dəyişəcəkdi havamızı. Noyabrın onu. Dedilər müharibə bitdi. Tanklar burnunu geri çevirdi, silahlar darağını boşaltdı, lakin əsgərlərimiz hələ də ayıq-sayıqdırlar. Pilotsuz uçuş aparatları yerə endilər, snayper tüfəngləri hədəfsizləşdirildi, qumbaralar açılmadı, ancaq yenə də əsgərlərimiz ayıq-sayıqdırlar. Dedilər noyabrın onu beşi Kəlbəcər, iyirmisi Ağdam, on gün sonra isə Laçın azad olacaq! Daha qondarma rejimdən də söhbət gedə bilməz. Bu, böyük hərbi uğur – Zəfər idi! İndi Xudu müəllim sevinir buna, adını bilmədiyimiz pinəçi sevinir, Raquf, Pəncəli, Polad sevinir. İndi Əliyar sevinir, İsmət Qayıbov sevinir, Salatın Əsgərova sevinir, Çingiz, Gültəkin sevinir. Hə, sevinirlər. Sonra bu sevincimizin üzərinə dedilər ki, rayonumuza əsgər qayıdıb. İndi hamı o əsgərin qayıtdığı rayonun həmkəndlisi idi... Kimi o əsgərin anası, kimi atası, kimi bacısı, kimi yoldaşı, kimi övladı. Bütün gözü yolda olanların gözlədiyi idi o. O əsgərə yeddi köynək uzaq olanlar indi onun canından, qanından, heç olmasa bir bağ qohumundan idi. Gözlər yol çəkirdi onun gəldiyi yerə; kökü daha dərin saralmış... Lakin... Susurdular! Hamı gözləyir, heç kim bir kəlmə üstünü vurmurdu; nə bir qətrə aşağı, nə bir misqal yuxarı. Bir dönüş nələri qazandırarmış, kimləri yaşadarmış, kimləri öldürərmiş, ilahi! İndi o, Həlimə ananın oğlu, Bəxtiyar babanın nəvəsi, bacının Vüsalı, Sevdanın sevgilisiydi. İndi o əsgər Azərbaycanın əskik qalan bütün tərəfiydi. Bir tikə ümid bəzən elə balaca-balaca ölmək deməkdir. Bir loxma inam hərdən elə çiyələk xalı boyda yaşamağa bərabər olur. Bir az yaşamaq istəyərkən kürəyini vurar həsrət və boğazında qalar istəyin. Keçərsən gözlərindən, keçərsən ürəyindən, lap canından keçərsən, o keçməz. O keçməzsə, deməli heç nə keçməyib. Yenə bir kəs dinmir, bütün gözləyənlər kirimişcə bənd olublar həyətlərinə. Yollara dəyən hər ayağın tozuna diksinirlər, quş dimdiyindən qopan hər səsə boğaz arıtlayırlar. Yenicə boşaldılan Ağdamın qonşu kəndindəki ağbirçəyindən tutmuş illərdi məcburi köçkün yataqxanasında böyüyən yeniyetməyə kimi hər biri ömür sığdırır bir gününə. Həmin gündə uşaqlar qocalır, qocalar körpələşirlər. Budur Vətən Müharibəsi. Səngərdə Əsgər kimi öndə olursa ali rütbəli zabitin, bu, Vətən Müharibəsidir. Əsgərinə polad kimi dayaq olursa generalın, bu, Vətən Müharibəsidir. Vətənin müharibəsi hamımızındır, ən böyük qalibiyyəti isə iki ayaqla cəbhəyə gedib, üç ayaqla qayıdanlarındır. Sağ əlləri ilə sol tərəfindəki yaraya sarğı bağlayanlarındır. Əminliklə, ən böyük qələbə payı onlardır. Qazilərin, şəhidlərin, yaralıların, hərbçilərin və onların valideynlərinin. Şəhidlər... Onlar öncə zəfər müjdəsini verdilər, sonra da canlarını. Yeni şərəfli tarix yazılsın deyə onlar Vətən qurdular. İndi Vətən şəhid oğlunun tabutunu başı üzərinə qaldıran Anadır. İndi Vətən şəhid yoldaşının tabutunu çiynində daşıyan Qadındır.

İndi Vətən iki oğlunu bir gündə şəhid verən Atadır. Vətən münaqişədən uzaq şəhərdə öldürülən azyaşlıdır. Zəfər isə müzəffər qalib ordu sıralarındakı əsgərləri görmək istəyən bir cüt gözlərdəki həsrətdir. Ən böyük vüsal isə ən uzun həsrətin yekunudur. İndi həlim səslə bəxtiyar ordunun vüsalı sevdasına çatmışdı.

Azadə Yolçu

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?