Cavabsız qala (caq) n məktubların ağrısı...

Salam, ata. Necəsən? 

Uzun zamandı məktublarıma cavab yazmırsan. Sağlığın yerindədirmi? Sənə yazdığım məktubları anama verirəm. İşə gedən də sənə göndərsin deyə. Sənsə mənə bir kəlmə belə cavab yazmırsan. Dünən əmim gəlmişdi. Elə bildim, sənsən. Elə sevindimki?! Sənin olmadığını görəndə, məni  ağlamaq tutdu. Əmim başımı tumarlayıb, qızım, atan gələcək. Ağlama deyir. Amma mən onları dünən gördüm, sənin şəklini qucağına basıb, başını nənəmin dizləri üzərinə qoyub, ağladı. Nigaranam, ata. Xahiş edirəm, məktubum sənə çatan kimi cavab yaz. İlk getdiyin günlər də olduğu kimi mənə sarı güllər göndər. Səni çox istəyirəm, ata. 

Qızın...


  Salam, ata. Necəsən? 

Mənim yolumu çox gözlədin. Sən görə bilmədin, mənsə, sənə çata bilmədim. Əmanətin olan, bayraqla anamın qucağına verildim. Dünyadan xəbərsiz, yox, bəlkə də elə xəbərim varmış, ona görə kiçik barmaqlarımla  anamın əllərindən tutmuşdum. Əmanətini göz bəbəyim kimi qoruyuram, ata. Sənə söz verirəm. Çalışıram, anam olan yerdə ağlamayım. Görər, yaralı qəlbi incinər. Səni hər yerdə axtaran, soraqlayan oğlun. Tək təsəllim görüş yerimiz olan Şəhidlər Xiyabanıdır. Adın, mənim şərəfimdir, atam. 


  Salam, oğlum. 

Getdiyin gündən illər ötdü. Dedin ki, ana səni sevindirib, geri dönəcəm. Hər nə olursa, olsun başını dik tut. Sonuncu yazdığın məktub əlimdədir.  Oxuyuram. Ana, mənim üçün nişan xonçası yığma, mən səndən öncə Vətənin oğluyam. Qardaşım və bacım üçün hazırla. Bacıma gözəl toy edin. Toyda ağlama, mən də sizlərlə bərabər olacam. Ağlamağını görməyim. Oğlum, yazdığın hər sətri oxuduqca, gülən gözlərin gözlərimin önündə canlanır. Mənim balam, ölmək haqdır. Sən ki, sağsan. Burda mənimlə birgə yaşayırsan. Körpə balam, adını daşıyan qardaşın oğlu var. Tək təskinliyim odur. Səninlə qovuşmaq üçün günləri sayıram. Sayılı günlərin ömrü az olur, deyərlər.

Görüşmək, ümidilə...


  Salam, can yoldaşım. 

Bilirəm, indi ucaldığın ali məqamdan bizi izləyirsən. Atandan sənlə birgədir. Ata-bala söhbət edirsiz. Bizlərdə yaxşıyıq. Arada anamla gəzişirəm. Bizim sevgimizin əbədiləşdiyi yerləri gəzirik. Tin, bucaq həmin yerlər mənə səni xatırladır. Xoşbəxtliyimiz cəmi üç ay oldu. Amma bir ömrə sığar desəm, yalan olar.  Sənin gəzdiyin yerlər, uğruna can verdiyin torpaqda indi kiçik amma ürəyi böyük körpələr gəzişir. Səndən mənə yalnız torpaq bir də şanlı bayraq qaldı. Çoxları söylədi, o evdən ayrıl, evlən. Gəncsən, ana ol. Xoşbəxt ol. Amma qətiyyətlə yox dedim. Axı onlar mənim necə xoşbəxt olduğum günlər haqqında heç təsəvvürləri belə yoxdur. Anamız yaşlanıb, gözləri elə heyy qapıda qalıb, oğlum gələcək, anacan necəsən? -söyləyəcək. Bizlər burada səni hər zaman gözəl xatırlayıb, gülürük. Və bəzən də aramıza uzun buz kimi sükut çökür. Əzizim, sənsiz həyata alışmaq asan deyil. Görüşmək üzərə.

Həyat yoldaşın...


  Mənim oğul payım. İllər sonra çırağımı işlqlandıran, nur çöhrənə doymadan bizi tərk edənim. Oğullar atalarıyla fəxr edərdi. Amma bizdə belə olmadı. Mən səninlə fəxr edirəm. Şəklini qucaqlayıram, məzarının üzərində uzanıram. Ürək döyüntünü duymaq üçün saatlarla gözləyirəm. Bəlkə oyanasan. Yanıma gələsən. Bax oğlum hələ də sən aldığın ayaqqabını geyinirəm. Bilmirəm, neçə müddətdir ki, ayağımdadır. Ata, daha bəsdir. Qabarlı əllərinə qurban mən sənə baxacam, deyirdin, bala. İndi mən sənin soyuq baş daşından baxan şəklinə baxıram. Anana təskinlik verirəm, ağlama, yeri yaş olmasın, söyləyirəm. Bəs mən? Mənə təsəlli verən bir kimsəm yoxdur, balam! Yaşıdlarını görürəm, xonçalı evlərdən çıxır. Oğul, uşaq sahibi olur. Sənin getdiyin yollara ömrüm qurban olsun, oğlum. Şəhid balam, Vətən üçün yar olan balam. Əllərinin hərarətini duymaq istərəm, mənə yoldaş olmağın üçün inan hər şeydən keçərdim. Mən səni yox, sən məni son mənzilə yola salmalıydın. Gələcəm, sən gələ bilməsən də, mən sənə tərəf gələcəm, oğlum.

Atan...


Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel AĞAYEVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?