Mənə bir gün işığı azadlıq bəsdir keçmişi sipər etməyə....

Qızıma, anama qayıtmaq istəyirəm. İstəyirəm ki, mən yenidən anama körpə olum. Yenidən anamla məktəbə gedim. Əvvəl paltarının ətəyindən yapışım, sonra əllərim əllərinə çatacaq qədər böyüyüm. O əli elə tutum ki, əlimi buraxmasın anam. Bu əllər ana baxışından kənar çox zadlar edər çünki.

 Hər bir qadın potensial cinayətkardır, hər bir qadın potensial ombudsmandır. Mənsə hələ də anamın hörüklü bitli başlı qızı olmaq istəyirəm...

 Artıq 6 ay 6 gündür ki həbsdəyəm. Etdiyim cinayətin cəzasını çəkirəm. Nə etiraz edirəm məhkum olunduğum hökmə, nə də qəbul edirəm cinayətkar olduğumu. Çünki mən o qadın deyildim!

 Qayğısızlığın gülləsi qədər öldürücü qırma yoxdur. Darağı həmişə dolu olur.

 İlk günümü xatırlayıram. Şəstlə içəri keçdim, sanki bir azdan burdan çıxacağam kimi. Məndən başqa dörd qadın da vardı cəzaçəkmə müəssisəsində. Dördünün də saçı pırtlaşıq, paltarları çürümə mərhələsində, vücudları çəlimsiz, qıvraq... İyrəndim. Mən onlarla bir kamerada qala bilməzdim, qalmayacaqdım da. Yəni belə düşünürdüm. Sonradan xəyalların ən absurd düşüncədən də başlaya biləcəyini kəsdirdim. Beləcə davam etdim yaşamağa...

 Sonra özümdən diksindim. Daha bir 5 dəqiqə keçdi deyə sevindiyimə görə özümü yamanladım. Hər 5 dəqiqə bir növbəti 5 ilə calaq olurdu elə bil. Əslində uzanırdı məndən gedən vaxt. Anlamışdım artıq, vaxt ziyanıma işləyir. Zamansızlıqdaydım...

 Elə bilirsiniz, qadın həbsxanalarında "obşak" söhbətləri olmur? Burada hər qrupun öz jarqonu var. Kollektivləşmə prosesi gedir. "Qoçu"lar da var, "qat'lar da. Mən "qat"dan "mujik"ə qədər yüksəldim. Bütün həbsxananın ağırlığını çiyinlərimdə daşımağa razılıq verdim. Müzakirələrdə iştirak edirdim, təkliflər verirdim. Burada güclülər zəiflərə əl qaldırmır. Mən artıq güclülərdən idim. Evimdə xanım ola bilməyən mən burada xan idim. Qarışıq rejimli cəzaçəkmə müəssisəsində, yəni "qadın koloniyası"nda cəzamı çəkirdim. Ancaq elə məhbus qadınlar vardı ki, onlar ciddi rejimdə cəza çəkirdilər. Burada öyrəndim ki, hər il təxminən 2600-dan çox qadın müxtəlif cinayətlər törədir.

 Mənim qızım 3-cü sinfə keçirdi həbs olunanda. Azyaşlı olsaydı yanımda saxlaya bilərdim.  Çünki burada öz övladlarını 3 yaşına kimi müəssisədə  saxlamaq imkanı var. 3 yaşdan sonra onları anadan ayırıb internat məktəbinə verirlər.

Düşünəndə ki, ömrünü ömürlük dəmir barmaqlıqlar arxasında keçirənlər var, keyiyirsən. Döyülmürəm, mənimlə insan kimi rəftar olunur, cinsi istismara məruz qalmıram, ancaq... Bütün hallarda sən məhbus həyatının bir üzvüsən. Məhkum olaraq saat 6-da dururam. Durmalıyam. Axşamsa saat 10-da yatıram. Yatmalıyam. 6-dan 10-a kimi gündüzüm... dəhşətdir!

 İcazə verdiklərinə görə anam evdən yataq dəstləri gətirib. İstədiyim vaxt onları yuyub dəyişirəm. Yataq otağımızda növbətçilik prinsipləri var. Hər məhbus qadın səliqəyə riayət etməlidir.

 Evdə yoldaşını öldürənlər burada vaxtını öldürə bilmir. Vaxt onları öldürür... Vaxtın məni də udmaması üçün peşə kursuna yazıldım. Əgər hər hansı bir kursa yazılmasaydım bəlkə də şizofrenik olardım. Ona görə xalçaçılıq ixtisasında təhsil almağa başladım. Hər ilmə növbəti ilməyə kimi son 1 ilimi xatırladırdı. Yenə də bu qısa vaxt idi bundan əvvəlkiylə müqayisədə. Gördüyüm işə görə mənə əməkhaqqı ödənilirdi. Daha doğrusu, hesabıma köçürülürdü. O pulla buradakı dükandan alış-veriş edə bilərdim.  Demişdilər ki, cəza müddəti bitəndən sonra qalıq pul məhkumun özünə təhvil verilir. Mən də bacardıqca az xərcləyirdim. Onsuz xərcləyəcəyim obyekt də yoxdu; nə çox acırdım, nə çox susayırdım, nə də ki, yeni təam, yeni dad nəfsinə düşürdüm. Aldığım isə məktəb ləvazimatı idi: dama-dama dəftər, yağlı qələmlər, ağardıcı... Qızım üçün gündəlik yazırdım.

 Başımı qatan xalçaçılıq ürəyimi qata bilmirdi. Fikirlərim beynimi tən ortadan yarırdı. Mən kiməm?! Bu düşüncələrlə bir də özümü 160-a qədər məhbusun oturub izlədiyi televizor otağında tapırdım. Hansısa verilişdə bizə salam göndərənləri görəndə də xəcalət çəkirdim. Deyirdim ki, mənim burda olmağım sənin salamına dəymir axı, İnsan! Əqlimə güc gələ bilməyib nəfsimə şirnik olan qadınam mən. Ucqar kəndin uçuq sinif otağından müəllim formalaşan qadın deyiləm...

Bəzən də həmin müəllim düşüncəsi məni kitabxanaya aparırdı. Ürəyimdə oxuduğum sətirlər xatirələrimi ovuda bilirdi. 6 ay 6 gündə 60-70 kitab oxumuşdum. Çoxu da sovet dövründən qalmış kiril əlifbasında, ancaq Azərbaycan dilində idi. Arabir saralmış vərəqlərə diyirlənən göz yaşım onları ağartmırdı...

 Həftədə bir dəfə evdən bağlama gəlirdi. Elə qadın da vardı ki, olduğum 6 ayda ona ümumiyyətlə bağlama gəlməmişdi. Sonra biləndə ki, burda olduğu 8 ildə də ona bağlama gəlməyib, qıc oldum. Yəni onu həyata bağlayan ailəsi, rəfiqəsi, qonşusu yoxdur?! Yoxmuş! Ona görə həmişə anamın bişirdiyi yeməklərdən, qonşuların göndərdiyi tutmalardan ona bir pay verirdim. Həyata tutunmağa bir bağı olsun heç olmasa. Hər dəfəsində də kirpikləri əsirdi sevincindən... Elə sevinirdi ki. Sevinəndə də gözündən əvvəl dodağının kənarı gülürdü, o qədər qırışırdı ki, 84 yaşın 36 yaşa necə sığdığını onda öyrəndim.

Bəzən ibadət otağına keçib dua edirdim. Bəzən, çünki ürəyimdə həmişə duam vardı; anama, qızıma, insanlara, canlılara, bütün varlıqlara... Ancaq mənim təkcə həbsxanada köməyim deyildi Allah, özümü dərk edəndən ehtiyacım olanıydı O. Mən namaz qılmağı türmədə öyrənmədim. Öyrəndim, daha çox insan olmağı öyrəndim. Tövbə etdim insan olmadan öncə qadın olmağa. Mən peşmanam. "Bir işə görə peşman olmaq, əslində tövbə etmək deməkdir", - deyib Hz. Məhəmməd (s.a.v.). Düzdür, peşmanlıq nüfuza xələl gətirir, ancaq ruhu xilas edir. Neynirəm ruhu çirkli olan reputasiyalı şöhrətli cismi?! Cismim həbsdə olandan sonra ruhuma azadlıq verdim. Mən anladım ki, doğrudan da məzardakıların peşman olduqları şeylər üçün dünyadakılar bir-birini qırır. Qəzəbimə hakim olsaydım heç nədən başıma iş açıb peşman olmazdım. Deməli, ziyanın yarısından geri döndüm, bununla bütöv xeyir əldə etmiş oldum. Bu xeyirlə sənə döndüm, Anam. Sənə döndüm, Qızım. Özünə döndün, Qadın. Sən azadlığınla indi insan oldun!

  Bu məktubu qızıma ithaf edirəm.

Azadə Yolçu

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?