23 aya sığan YÜZİLLİKLƏR

Vətən - necə də səlis və gözəl səslənir bu ifadə. Bəlkə də müqəddəsliyindəndir belə təmtaraqlı və mənalı səslənməsi. Əbədi və dəyişməz olan Vətən Allahın bizə nəsib etdiyi bəlkə də ən ali nemətdir. Bizi ona bağlayan təkcə yaşadığımız torpaq, başqa sözlə, coğrafi mühit deyil: əcdadlarımızın əbədiyyətə qovuşduğu yurddur, gələcək nəsillərin pöhrələnəcəyi məkandır, ona olan ülvi hisslərimiz, vəfa borcumuzdur... Vətənə olan sevgi sələflərimizdən bizə ötürülmüş ən dəyərli mənəvi keyfiyyətlərdəndir. Hər qarışından, hər daşından müqəddəslik yağan torpağım! Sən elə müqəddəssən ki, sənə “Ana Vətən” deyirik. Anamız qədər müqəddəs, ana sevgisi kimi doğmasan. Bizi analarımız dünyaya gətirib Sənə qurban verir. Analarımız həyat mənbəyimizdir, onlara olan sevgimiz təmənnasız olduğu kimi, əvəzsizdir – Sənə də elədir. Vətənim, biz Səni belə sevirik! Ananın körpəsini üçün hər şeyə qatlaşdığı, övladın anasını sevdiyi kimi. Biz sənin övladlarınıq, Vətən. Bizdən başqa heç kimin olmadığı kimi, bizim də Səndən başqa kimsəmiz yoxdur. Ölkəm, qürur mənbəyimizsən, qeyrətimizsən. Hər qarışına neçə-neçə canlar bağışlayaraq qurbanlar vermişik – Sənin müstəqilliyin, ərazi bütövlüyün, suverenliyin üçün, üçrəngli bayrağımızın qürur və iftixar hissi ilə yüksəkliklərdə dalğalanması üçün. Bu gün ərazisində yaşadığımız, haqqında iftixarla danışdığımız Azərbaycanın (AXC) yaranmasından 102 il ötür. Bəli, 102 il. Bir əsrdən də çox vaxt. Doğmalarımıza arzuladığımız 100 ildən də çox ömür. Necə deyərlər, bir insan ömrüdən də çox.

Tarixin yaddaşında ağır yükü ilə seçilən Birinci Dünya müharibəsi Azərbaycanın daxil olduğu Rusiya imperiyasını olduqca zəiflətdi. Bu zəiflik imperiyanın dağılmasına səbəb oldu. Hadisələrin gedişatında xalqımızın öz müqəddəratını tələb etməsi, qeyrət əzmi nəticəsində çar Rusiyasına qarşı milli azadlıq mübarizısi başlandı. Bu, Şimali Azərbaycanda milli-azadlıq hərəkatının yeni mərhələsi idi. Rusiya və rusiyameyilli qüvvələr bu hərakatı boğmaq, xalqda iradəni sarsıtmaq, vətəndaşlarımızı qorxutmaq üçün müxtəlif vasitələrə əl atırdılar. Daşnak-bolşevik ittifaqının qanunsuz törətdiyi mart soyqırımı belə milli hərəkatı boğa bilmədi. Əksinə, düşmən öz quyusuna boylandı, xalqımız daha da sıx birləşməyi, bir yumruq olub mübarizə aparmağı seçdi. Nəticədə mərkəzi Tiflis olan (daha sonralar Gəncə, Bakı) Azərbaycan ölkəsi ilk müstəqilliyini 1918-ci ilin 28 may tarixində qazandı. Xalq Rəsulzadə və tərəfdaşlarının yaratdığı vahid Azərbaycan Xalq Cümhuriyyəti ətrafında birləşdi. AXC-nin Azərbaycan tarixində şərəfli yükü var: 1. AXC Türk – müsəlman şərqində yaranmış ilk müstəqil və tamhüquqlu parlamentli respublika idi. 2. Ali hakimiyyət Azərbaycan xalqına məxsus idi. 3. AXC ərazisində yaşayan milliyətindən, dilindən, dinindən, cinsindən, irqindən aslı olmayaraq, bütün vətəndaşlara tam vətəndaşlıq və siyasi hüquqlar verdi, bütün xalqların inkişafına şərait yaratdı. 4. Azərbaycan (türk) dili dövlət dili elan olundu. 5. Hazırda dalğalanan üçrəngli bayraq qəbul olundu. 6. Respublika əazisində yaşayan bütün xalqlara, kişilərlə yanaşı qadınlara da seçkidə iştirak etmək, seçki hüququ verildi. Bu, Şərqdə ilk dəfə qadınlara seçki hüququnun verilməsi idi. 7. İqtisadi dağınıqlığın, ərzaq böhranının və bu kimi iqtisadi məsələlərin qarşısını almaq üçün qanun layihəsi hazırlandı. 8. Ordu quruculuğuna xüsusi önəm verildi: hərbi nazirlik, hərbi məktəb və Azərbaycan Xəzər donanması yaradıldı. Milli ordunun yaradılması haqqında fərman verildi. Vətəndaşların vətən eşqi, ölkəni müdafiə etmək arzusunun bariz nümunəsi kimi AXC-nin yarandığı ilk dövrlərdə 600 nəfərlik könüllü dəstələr ordu sıralarına qoşuldu. 9. AXC liderləri təhsilə olduqca önəm verirdi: Xalq Maarif Nazirliyinin təsisi, xüsusi pedaqoji kursların fəaliyyəti, gimnaziyaların açılması, Azərbaycan (türk) dilində dərsliklərin hazırlanması, habelə bütün ibtidai məktəblərdə təhsilin ana (türk) dilində aparılması təqdirəlayiq idi. 100 nəfər gəncin xarici ölkələrdə (Osmanlı, Fransa,İtaliya, Rusiya, İngiltərə) təhsil alması üçün göndərilməsi o dövr üçün olduqca mühüm addım idi. Hazırda 25 minə yaxın tələbə kontingenti olan, 1919-cu ildən bəri təhsilin inkişafında müstəsna xidməti olmuş və oxuduğunuz məqalənin müəllifinin jurnalistika fakültəsini bitirdiyi Bakı Dövlət Universiteti də məhz Cümhuriyyət dönəminin abidəsidir.

AXC nümayəndələri müstəqilliyin aliliyinə, elmə, maariflənməyə, inkişfa, müstəqilliyə, azadlığa… hədsiz önəm verirdi. Türk dilində ilk böyük kitabxana da, “İstiqlal” müzeyi də, “Müsəlman Şərqini öyrənən” cəmiyyətin təsis edilməsi də, “Türk ocağı” cəmiyyətin yaradılması da məhz Cümhuriyyət dönəmində baş tutmuşdur. Milli ruhun dirçəlməsi, inkişafı üçün milli ruhda yazılan əsərlərin də önəmi var idi və bu sahədə görülən işlər AXC-nin uğur xəritəsinin bir parçası saymaq olar. Mədəniyyət və incəsənətin inkişafı naminə teatra verilən dəyər, Azərbaycan Dövlət Teatrının fəaliyyətə başlaması, rəssamlığın önə verilməsi və bu kimi xidmətlər öz milliliyimizə xidmət edirdi. AXC xarici siyasətə önəm verir, qonşu dövlətlərlə dostluq münasibətlərinin yaradılmasına səy göstərir, Azərbaycanın beynəlxalq aləmdə tanınmasına nail olmağa çalışırdı. Görülən işlərin nəticəsi olaraq Azərbaycan “Paris” sülh konfransında təmsil olundu və Cümhuriyyət faktiki olaraq tanındı. Yuxarıda yazdıqlarımız Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı olan müəyyən məlumatlardır. Sözsüz ki, haqqında onlarla kitablar yazılmış şanlı Cümhuriyyət dövrünü bir neçə səhifəyə sığışdırmaq mümkünsüzdür, bir neçə səhifədə AXC barəsində müəyyən təsəvvürlər yarada bilərik. AXC-nin keçdiyi şanlı yol cəmi 23 ay davam etdi. Min illərin uğuru məhz 23 ayda əldə olundu. 23 aydan sonra Sovet diktaturası Azərbaycanı işğal etdi. Azərbaycan bolşeviklərinin timsalında “beşinci kalon”un pozuculuq fəaliyyəti, beynəlxalq aləmdə və Qafqaz bölgəsində yaranmış hərbi-siyasi vəziyyət. Azərbaycan hökumətinin daxilində yaranmış hakimiyyət böhranı, siyasi partiyaların hakimiyyət uğurunda mübarizəsi, hökumət kabinetlərinin tez-tez dəyişməsi, Ermənistanın torpaq iddiası, hərbi qüvvələrin Qarabağ cəbhəsunə göndərilməsi nəticəsində ölkənin şimal sərhədlərinin müdafiəsiz qalması və digər məsələlər Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna səbəb olan başlıca amillər idi. İkinci və məhz sonuncu dövlət müstəqilliyimiz demokratik dəyərlərə malik olmayan, legitimlikdən uzaq, təkpartiyalılığa əsaslanan totalitar və “güc” strukturu əsasında qurulmuş nəhəng SSRİ imperiyasının dağılması nəticəsində baş tutdu. SSRİ gec-tez süquta məhkum olacaqdı – demokratik dəyərlərdən uzaq, qanunsuz, söz və ifadə azadlığının və s. olmadığı ölkələrin sonu adətən bu şəkildə olur. Yadelli ağalığına birdəfəlik son qoyulması ilə ölkəmizdə demokratik konsepsiya əsasında Azərbaycan yenidən müstəqillik qazandı. Ümumillilider Heydər Əliyevin fəaliyyəti və uzaqgörən siyasəti ölkəmizi bəlalardan qurtardı – 70 illik işğaldan azad etdi. Həmin siyasətin davamı bu gün də möhtərəm prezident İlham Əliyevin vasitəsilə davam edir. Bir dövlətin mövcudluğu üçün onun güclü ordusu, ərazi bütövlüyü, sərhəddi, dövlət rəmzləri və s. olmalıdır. O cümlədən müstəqillik elan edilən gün (18 oktyabr 1991) Azərbaycan tarixində şanlı yer tutmuş Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri bərpa edilimiş, habelə, üçrəngli bayrağımız birdəfəlik ucaldılmışdır. Həmin bayraqdır ki, bu gün necə də qürurla dalğalanır! Müstəqilliyi qazanmaq, onu qoruyub saxlamaq heç də asan deyil. Dövlət üçün onun müstəqilliyi, bayrağının zirvələrdə dalğalanması kimi önəmli heç nə yoxdur. Azad olmaq, azadlıq hər bir xalqın arzusudur. Bizim də belə arzumuz olub və arzumuza çatacağımıza şübhə etməmiş, inanmışıq. Nə qədər ki, inanmağa qoymasalar da belə! Azadlığın asan qazanılmamasını da bilirik. Lakin onu əldə etmək üçün canımızdan keçdik, qanımız bahasına qazandıq. Bu günümüzə görə Şəhidlər Xiyabanında uyuyan müqəddəslərimizə, Vətənin qazilərinə borcluyuq! Dünyada 200-ə yaxın dövlət varsa, biri də bizimdir – AZƏRBAYCAN! Bu necə də vicdan rahatlığı, könül xoşluğudur.

Qədim mədəniyyət ölkəsi, Azərbaycan! Sən oddan qalandın, çətinliklərə sinə gərdin, inandın, azadlıq eşqilə alışdın, dözdün, ər oğlu ər, odunu qoruyub saxlaya bildin. Səninlə qürur duyuram! Qürur mənbəyimiz, Üçrəngli Bayrağım! Sən yüksəklərdə dalğalan! Yüksəklərdə dalğalanmağa, coşmağa layiqsən. Bir daha enməyinə nəyin bahasına olursa olsun, izin vermərik! Dünya dağılsa, günəş qərbdən çıxsa – qiyamət qopsa da belə! “Bir daha yüksələn bayraq, bir daha enməz” deyərək bayrağı bizə əmanət etdi Rəsulzadə. Səmanın üzünə çəkil, səma üç rəngə boyansın. Mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlılığını səmadan car etsin. Müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, müasirləşmək günəşini bayrağımızdakı qırmızı rəng alışdırsın səmada. Yaşıl rəng – İslam dininə mənsubluğumuzu, Allaha olan inam və sevgimizi əzəmətlə özündə daşıyır. Qırmızı rəngin içərisindəki aypara və səkkizguşəli ulduz müqəddəs bayrağımıza sanki nəfəs gətirir. Hələ səmada necə də əzəmətli görsənər. Türklərin simvolu sayılan aypara; türkçülük, demokratiklik, islamçılıq, azərbaycançılıq, bərabərlik, dövlətçilik, mədəniyyətlilik – bunlarım hamısını ehtiva edən səkkizguşəli ulduz dünyaya səmadan səslənsin. Ölkəmiz adından görülən tədbirlər beynəlxal səviyyədə təşkil olunan idman yarışları və oyunlar, qazanılan uğurlar, qələbələr sevincimizə sevinc qatır. Hələ bayrağımızın beynəlxalq təşkilatların binalarında dünya arenasında sayılıb-seçilən dövlətlərin bayraqları sırasında dalğalanması, beynəlxalq tədbirlərdə, dünya ölkələrinin ərazisində yer alması qürurumuzdur. Azadlıq Vətən, torpaq uğurunda canını qurban vermiş şəidlərimizin, şanlı bayrağımızı yüksəklərə ucaltmağa nail olmuş qazilərimizin hünəri ilə mümkün olmuşdur. Heç təsadüfi deyil ki, Bakı metrostansiyasında “Azadlıq”a gedən yol “20 Yanvar”dan keçir.

Rizvan Fikrətoğlu

# YAZARIN DİĞER YAZILARI

Yazar Rizvan Yardimli - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?