Gözü ilə tarix yazan adam, bir kəlməylə alt-üst olan zabit həyatı...

 

      
Azərbaycanın müstəqilliyi uğrunda Azadlıq hərəkatı təzəcə başlamışdı. Artıq meydanlarda tez-tez Azərbaycan milli bayrağı dalğalanırdı. O isə, vaxtaşırı meydana toplaşanlara qoşulur, ara-sıra fotoşəkillər çəkirdi. Sonralar isə meydanlardan çəkilməyəcəkdi... Özünün fotostudiyasında qurduğu labaratoriyada keçirərdi vaxtının çoxunu. 20 yanvar hadisələrində həbs edilib Moskvaya aparılan azərbaycanlıların fotoşəkillərini əks etdirən balaca nişanlar düzəldib adamlara paylayır, cəmiyyəti Azərbaycana qarşı qəddar davranışın əleyhinə səsləyirdi... Oxuduğu iki ali təhsil məktəbini buraxıb ömrünü foto sənətinə həsr eləməyə başlamışdı. Əvvəlcə İndiki Politexnik Universitetində avtomobil nəqliyyatı ixtisası üzrə, daha sonra bu günkü ADNA-da hidreogeologiya fakültəsində təhsilini yarımçıq qoymuşdu. Beləcə, mübarizə meydanlarında çəkdiyi şəkillərlə fotoqraf kimi ictimai simaya çevrilirdi. Amma heç vaxt ağlına da gəlməzdi ki, dünyada ən çox sevdiyi bu sənət onu od-alovun içinə dartıb aparır.


Nazirlikdən nazirliyə aparılan fotoqraf, səngərə açılan şans qapısı

Daha Azərbaycan müstəqil dövlət idi. Özünün dövlət qurumları yaradılır, idarə və müəssisələri formalaşdırılırdı. Artıq Babək Quliyevin peşəkar fotoqraf kimi imzası çox yerdə tanınırdı. Onu Mədəniyyət Nazirliyinə dəvət edirlər işləmək üçün. Dəvəti qəbul edir və qısa müddətdən sonra işə başlayır nazirlikdə.


Həmin ərəfədə Qarabağda müharibə daha da genişlənirdi. Azərbaycanın müasir hərb tarixini işıqlandıran və yazanlar isə çox az idi.

Azadlıq hərəkatındakı fəallığı ilə çoxlarının yadında qalmışdı. Bir gün dövlət tədbirində rastlaşdığı köhnə tanışı onu özü ilə Müdafiə Nazirliyinə gətirir və bu qurumda yaradılmış analitik mərkəzdə işləməyi təklif edir. Onsuz da fotoqraf kimi tez-tez cəbhə bölgələrində olurdu. Özü könüllü döyüş meydanlarına gedir, səngərlərdən fotoşəkillər çəkirdi. Müdafiə Nazirliyindən aldığı iş dəvətini qəbul edir və Mədəniyyət nazirliyindəki işindən ayrılmalı olur. Beləliklə, hərbi fotoqraf kimi fəaliyyətə başlayır.

“Zaçotnik”lə alınan rütbə, qayğıkeş tələbəlik yoldaşı

Az sonra ona leytenant hərbi rütbəsi də verilir. İndi zabit idi və daşıdığı vəzifə daim cəbhə bölgəsində olmağı tələb edirdi:


“O vaxt operator gərək zabit olaydı. Tapşırıq verildi ki, mənə leytenant rütbəsi verilsin. Hərbidə olub-olmadığımı soruşdular. Dedim ki, SSRİ ordusunda xidmət etmişəm, qumbaratan olmuşam. Rütbə almaq üçün iki-üç gün qəbul otağına gəlib-getdim. Hər gün gələndə də eyni cavabı eşidirdim: “Hələ bir şey yoxdur!”.

Ora işə düzəlməmişdən əvvəl tanıdığım yoldaşlar vardı, Nizami Abbasov, Seyidağa Mövsümov. 20 yanvar hadisələri ilə bağlı birgə Moskvaya getmişdik bir dəfə. Ondan sonra da ara-sıra onların yanına gedirdim nazirliyə.

Bir gün yenə gəldim rütbəylə bağlı qəbula. İlqar adlı universitet yoldaşım işləyirdi nazirlikdə. Mən politexnikdə avtomobil–nəqliyyatı üzrə sonuncu kursda oxuyanda universitetə getmədim. Amma uşaqlarla əlaqəm vardı. İlqar kapitan rütbəsinə qədər yüksəlmişdi artıq. Hal-əhval tutdu. Dedi ki, sənə rütbə verəcəklər, düzdür, sənin təhsilin natamam alidir. Amma verəcəklər. Universitetdə oxuduğum haqda hansı sənədimin qaldığını soruşdu. “Zaçotnik”im qalırdı evdə. Onu apardım verdim. Eləcə İlqarın sayəsində leytenant rütbəsini almağımı tezləşdirdilər. Beləcə zabit idim daha. Bizim qrupda Vaqif Dərgahlı, Hüseyn Mahmudov, Tahir adlı başqa bir zabit vardı. Hamımız bir şöbədə idik. Vaqif rəisimiz idi”.

Palatadan qaçan xəstə, qarnı partlayan könüllü

Əslən ağdamlı olduqları üçün atası dünyasını dəyişəndə doğma rayonda dəfn olunmasını vəsiyyət eləmişdi. Övladları onun sözünü yerinə yetirmişdilər. Babək Quliyev tez-tez yolunu Ağdamdan salardı ki, atasının məzarını ziyarət eləsin, qohum-əqrəbaya baş çəkə bilsin. Yaşı 40-ötdüyünə görə müharibənin ilk illərində onu ordu sıralarında döyüşə getməyə götürməmişdilər. Amma tale lə gətirdi ki, indi zabit mundirində gedirdi cəbhə bölgəsinə: “Müharibə mənim üçün elə Ağdamda başladı. Atamın qəbri orada idi. Yaşımın 40-dan artıq olması döyüşə getməyimə imkan vermirdi. Özü də Xocalı soyqırımı ərəfəsində mədəmdən cərrahi əməliyyat olunmuşdum. Xəstəxanada idim. Nə vaxt çıxacağımı bilmirdim. Amma Xocalı hadisələrini eşidəndə xəstəxanadan qaçdım. Əməliyyat olunmuş hissəmdə tikişlər sökülməmişdi. Mənə elə gəlirdi ki, bütün insanlar mənə baxıb deyir ki, - “bu nə əclafdır, atasının qəbri orada, camaat nə zülm çəkir, adamlar qırılır, amma Babək burada gəzir!”.


Gəldim evə. Qızım o vaxt tələbə idi. Dedim ki, həkimlər deyib ki, get evə tikişləri açsınlar. Qızım dedi ki, elə şey ola bilməz. Həkim bu tezliklə, özü də evdə tikişin sökülməyinə icazə verməz. Onun inadına baxmayaraq, yaramın sarığını açdım, axşam tikiş yerləri partladı. Guya gedəcəkdim hərbi komissarlığa ki, könüllü kimi döyüşə gedənlərə qoşulum. Nə isə, yenidən xəstəxanaya getməli oldum. Həkimlər xəbərdarlıq elədilər ki, yaranı qorumasam yenə açılacaq tikiş yerindən. Beləcə, bir il heç yana gedə bilmir...

Amma istəyinə nail olacaqdı. İşi elə gətirəcəkdi ki, cəbhəyə getmək, səngərdə olmaq daha vəzifə borcu olacaq...

Geriyə baxmayan “qoca”, dan yeri söküləndə oxunan “Fatihə”

Bir dəfə Ağdamda olanda atasının məzarını ziyarət etmək istəyir.


“Fatihə” və “Yasin”surələrini bilmədiyi üçün molla kimi tanıdığı tanışından xahiş edir ki, tezdən ala-qaranlıqda qəbir üstə gedib, atasının ruhuna “Fatihə” oxuyub qayıtsınlar. Razılaşdıqları kimi dan yeri sökülməmiş qəbir üstə çıxmağa hazırlaşıb maşına minəndə arxada gizlənən zabit yoldaşından xəbəri olmur: “Sən demə, Vaqif (Vaqif Dərgahlı) tezdən oyandığımı görüb, fikirləşib ki, mən durmuşam ki, onlara demədən gedib ən çətin yerlərdə çəkiliş aparam. Onlar çox gənc idi deyə, elə bilirdilər ki, ağır döyüş gedən yerə getməklərini istəmirəm. O da düşünüb ki, haradasa döyüş var, onu aparmaq istəmirəm, birdən nəsə olar... Ona görə tək getmək istəyirəm. Avtomatını götürüb minib maşına ki, məni tək buraxmasın. Qəbiristanlıqda düşüb atamın məzarına tərəf gedəndə arxadan “Babək hara gedirsən? Ölməyə?! Mən də deyirəm niyə gəlmisən?!” sözlərini eşitdim. Baxam ki, Vaqif əlisilahlı arxamca gəlir...”

Unudulmayan döyüş... Uğursuz əməliyyat... Son nəfərinə kimi məhv olan batalyonlar

Müharibədə unudulmayan hadisələr, anlar çox olur. Babək Quliyev deyir ki, heç vaxt unuda bilməyəcəyi hadisələrdən biri 1993-cü ilin yanvar ayında uğursuzluqla nəticələnən “Fərrux əməliyyatı”dır: “O qədər batalyonu göndərdilər irəli, hamısı da yox oldu. 4 batalyon tamam qırıldı. Güya ki, döyüşdə batalyon komandirlərinin hamısı peşəkarlar idi. Azərbaycanda o vaxtadək elə bir silahlı komplektləşmə olmamışdı. 12-13 batalyon bir yerdə idi. Gecə bir cığır açıb hamını o yolla göndərdilər yuxarı. Bir batalyon qalxandan sonra o biriləri də başladı arxasınca getməyə. Sonra ruslar ermənilər tərəfdən başladılar minaatanlarla, tanklarla, Piyadaların Döyüş Maşınları (PDM) ilə bizi vurmağa. Ən əsas da çıxacağımız yolu atəş altında saxlayırdılar. Heç kim çıxa bilmirdi. Biz niyə çıxa bildik? Mən Sovet ordusunda motoatıcı hərbi hissədə xidmət eləmişdim. Orada çox şeyi öyrədirdilər bizə. O vaxtdan bildiklərim yadımda idi. Həm də musiqi məktəbində oxumuşdum. Oturub musiqidəki kimi sayırdım: 1 V, 2 V, 3 V ... Baxırdım, hansı sayda hansı nöqətəyə mərmi düşmür, atəş açılmır. Ortalıqda bir traktor da varıydı, onun arxasında gizlənib ikibir, üçbir meşəyə çəkildik. Bizim şöbədə Cavanşir adlı bir oğlan vardı, ikimiz bir yerdə xilas olduq o mühasirədən. Biz o vaxt çəkiliş edəndə adətən yanımızda bir nəfər olurdu ki, həm çəkiliş aparanı qorusun, həm də məlumat toplasın”.

Arxivə gömülən görüntülər, orduya aidiyyatı olmayan komandirlər...


Xidmət dövründə çəkdiklərindən özündə o qədər də material qalmayıb. Şəxsi arxiv kimi saxladıqlarından bəzilərini də sonralar dost-tanış alıb geri qaytarmayıb. Özü də aparılanları almağa həvəs göstərməyib. Eləcə çox zəngin, qiymətli foto-videogörüntülər dağılıb, necə deyərlər, it-bata düşüb.... Deyir ki, elə istər foto, istərsə də videokadrlar var, onu nəinki o vaxt, heç indi də efirə vermək, yaymaq olmaz. Xüsusilə müharibə illərində o görüntülərin yayılması düşmənin xeyrinə ola bilərdi: “Hər şeyi vermək olmazdı, çünki erməni də baxırdı. Ordu demək olar, yox idi deyə, biləcəkdilər ki, kimlərlə döyüşürlər. Həmin zamanlar heç bilmək olmurdu, Azərbaycanın özü var, ya yoxdur. Heç nədən baş açmaq olmurdu. Riyaziyyat müəllimi nazir olmuşdu. Heç hərbi xidmət üzü görməmişdi. O vaxt müharibə görməyən 2-3 nəfər general varıydı. Elə adamlar hissə, tabor, bölük komandiri idi, onların müharibəyə heç bir aidiyyatı yox idi.”

Heç nədən qorxmayan “Sovetski” uşağı, döyüş yerindən yığılan bir maşın silah...

Sözünə ara verib qalxır. Foto və videolaboratoriyanı xatırladan otağın bir tərəfində qoyulmuş divandan qalxıb bizə də, özünə də çay süzür. Daha sonra keçib əyləşir. Siqaret yandırır. Üzündəki ifadədən bilinir ki, suallarımızı yenə dinləməyə hazırdır.

- Xidmətiniz boyu qorxduğunuz an olub?


- Yox! Həm idmançı olmuşam, həm də böyüdüyüm mühit başqa idi. Bakının Sovetski, mikrorayon, dəli-dolu cavanlar dolu məhəllələrində yekəlmişdim... Elə qonşum yoxuydu ki, 2-3 dəfə həbsxanaya düşüb-çıxmasın. Sakit olsaydım qapazaltı edərdilər. Ona görə, uşaq vaxtı elə böyüdüm ki, məndə nə qorxu qalardı, nə də kiminsə qarşısından qaçmaq vərdişi... Sovet ordusunda da çox çətin hərbi hissədə xidmət keçmişdim. Orada da zəif olsaydım, kimdənsə qorxsaydım, yəqin ki, meyidim gələcəkdi... Özüm də güləşçi idim. Çəkinəcəyim heç kim, heç nə yox idi. Dediyim o “Fərrux əməliyyatı”ndan sonra mən döyüş gedən ərazidən bir maşın silah yığıb gətirmişdim. Silahları gətirdim batalyona, oradan da aparmalıydım briqadaya. Özümü saxlaya bilmədim, həmin vaxt qərargahda o qədər ağladım ki. Uşaqlar qırılmışdılar...

Barmaqları kəsilən prokuror, yaralı məhləuşağı...

- Əsgər, zabit ölümü. Ölüm anında dediyi son söz. O söz ki, həmişə qulağınızda güllə kimi şaqqıldayır...


- Düzü, o qədər ağrılı hadisələrlə rastlaşmışıq ki... Necə pəhləvan kimi, şir ürəkli oğlanlar həlak oldular. Amma kiminsə ölüm anında dediyi hansısa söz yoxdur ki, hər yadıma düşəndə məni məhv edəcək qədər ağrılı olsun. Yadımda qalan çox hadisə var. Amma hansını deyim?! O vaxt bir qonşum vardı. Adı Yusifdir. Həmin illərdə Qarabağ bölgəsində hərbi prokuror idi. İndi də sağdır. Bir vaxtlar mikrorayonda bir məhəllədə böyümüşük, ancaq bir-birimizi tanımamışıq. Yaşca məndən balaca idi. Qazaxıstanın hansısa vilayətində prokuror işləmişdi, Müharibə başlayanda könüllü olaraq Füzuliyə gəlib, adi döyüşçü kimi vuruşub. Bir dəfə kəşfiyyata gedib, xeyli müddət düşmən arxasında qalmalı olublar. Havalar da çox sərt keçirdi həmin qış. Ayaqları donmuşdu, ona görə də ayaq barmaqlarından, səhv etmirəmsə, ayaq barmaqlarından ikisini amputasiya etdilər. Əslində, döyüşə getməli deyildi, hərbi prokuror idi. Dedilər ki, Yusif yaralanıb. Hospitaldadır. Getdim Ağdama bunu çəkməyə. Palataya girəndə, kameranı görən kimi dedi ki, məni niyə çəkirsən, get döyüşənləri çək...

- Bugünkü ordunu necə görürsünüz?

- Ovaxtkı ordu deyil. O vaxt ordu, ordu deyildi. Məhəllə uşaqları yığışıb ordu yaratmışdı. Döyüşə gedəndə patronu bazardan alırdıq. Sonra yavaş-yavaş düzəldik. İndi hər şey var. Yenə də ordunun ordu olması üçün çox vaxt lazımdır. Əsasən də ruh yüksəkliyi. Bu da illərlə olan işdir.

Bu gün ara-sıra baxıram televizora, xəbərlərə... Ordumuz əsl ordudur. Komandiri var, komandanlığı var. Hər kəs öz yerindədir. Bizim vaxtımızda isə belə deyildi axı...

Evə pul gətirə bilməyən kişi, bir kəlməylə alt-üst olan zabit həyatı

- Babək müəllim, müharibə sizdən nəyi aldı, sizə nəyi verdi?


- Müharibədən qayıdandan sonra həyatı başa düşə bilmirdim. Bütün insanlar dəyişmişdi. O vaxt uşaqlıqdan bizə öyrədirdilər ki, Vətən, ana, qeyrət, namus, pioner... Hələ müharibə zamanı da Bərdəni bu tərəfə keçəndən sonra görürdün ki, hamının başı alverə qarışıb. Biri bakuş satır, biri nə bilim nə... Bakıya gələndə eşidirdim ki, tanıdığım məşhur fotoqraflar da bir-birini qırırdılar ki, filan yerə işə düzəlim, bəhman yerdə mən oturum... Fotoaparatı tanımayanlar da özlərini fotoqraf biliridi daha. Nə iş varıydı, nə də ki dolanışıq... Kişi evə pul gətirməyəndə ona münasibət də dəyişir. Tərxis olub gələndən sonra əlim neç nəyə yatmırdı. Heç bir iş görə bilmirdim. Xeyli işsiz qaldım... Həm də təbii ki, pulsuz... Qızım həm tələbə idi, sonuncu kursda oxuyurdu, həm də işləyirdi. Bir dəfə ondan pul istədim. O biri otaqdan pul gətirməyə gedəndə, eşitdim ki,anası ona “Sən niyə atana benzinpulu verisən, kişi deyil? Özü aşağı düşüb benzin alsın, çörək alsın” deyir. Durdum pencəyi götürüb o biri otaqda gileylənən yoldaşıma “Kişi deyil” deyib çıxdım. Bir daha o evə qayıtmadım. İndi isə yaşlaşmışam. İşləmirəm. Pensiya da almıram heç...

İşsiz qalan peşəkar, “Poladın adamı” “olmaq”dan bezən adam

- İstefada olan zabit kimi də heç nə almırsınız?

- Yox, getmədim o vaxt sənədlərimin dalınca. Maraqlanmadım. Mən həmişə yaxşı yaşamışam. Yeni Günəşlidə qalırdım, bir neçə maşınım vardı. Pul dalınca da qaçmamışam. Ancaq sənətimə görə həmişə pulum olub. Sonra insanları başa düşə bilmədim uzun müddət. Bir il iş tapa bilmədim. Xeyli bekar qaldıqdan sonra mənə yoldaşlar zəng elədilər ki, Türkiyənin “Zaman” qəzetinə peşəkar fotoqraf lazımdır. Getdim, 1 aylıq sınaq müddəti keçmək şərtilə məni işə götürdülər. 3 gündən sonra dedilər ki, mən artıq işə götürülmüşəm və sınaq müddəti başa çatıb. 3 ilə yaxın orada işlədim. Sonra Polad Bülbüloğlu ilə görüşdüm. Çoxdan tanışlığımız var idi. Dedi ki, sabah Mirəli Qaşqay küçəsinə gəl. Mənim əvvəlki fotostudiyam orada idi. Özüm düzəltmişdim. Binanın altında yerləşirdi. Nazirliyin Elmi-Metodik Mərkəzinin direktorunda idi həmin studiyanın açarları. Mənim əvvəlki studiyam da rəsmən həmin mərkəzin nəzdində idi. Polad Bülbüloğlu direktora məni mərkəzdə işə götürməyi və studiyanı mənə verməyi tapşırdı. 2-3 il də orada işlədim. Ancaq çox iş yoxuydu. Mənə də “Poladın adamı” kimi baxırdılar. Üzümə də deyirdilər bəzən. O vaxt müharibəyə gedənə qədər fotoqraf kimi xaricdə səfərdə çox olmuşdum. Bir neçəsində Polad Bülbüloğlu ilə birgə iştirak eləmişdik. Yaxından tanıyırdı məni. Təsəvvür edin, 46 dəfə xarici səfərdə olmuşam. Bəlkə də bunun yarısını nazirlə getmişəm. Ona görə də, Elmi-Metodik Mərkəzdə məni nazirin adamı kimi qələmə verirdilər...

İndi isə oğlum qoymur işləməyə. Deyir bəsdir. Nə qədər pul lazımdırsa mən verirəm. Avqustun 1-də mənə “Əməkdar Elm İşçisi” adı verdilər. 100 AZN o ada görə, 80 AZN də veteran kimi alıram...

Bir sözün bitirdiyi adam, yaşamağa güc verən nəvələr


- Ayrılandan sonra ailə qurmadınız?

- Yox. Bu yaxınlarda nənəmin vəfatının ildönümü idi. Keçmiş yoldaşım da gəlmişdi. Neçə ildən sonra hamımız bir yerə toplaşdıq. Sadəcə o vaxt dediyi söz elə xətrimə dəymişdi ki, həmin gündən də mənim üçün ailə söhbəti həmişəlik bitdi.

- Hazırda nə ilə məşğulsunuz?

- Heç nə ilə. Nəvələrimlə gəzirəm. Məşqə aparıram, gətirirəm. Onlara ayırdığım vaxtları nəzərə almasaq, özümü lazımsız biri kimi hiss edirəm.

P.S. Babək Quliyev dövrünün ən yaxşı fotoqraflarından biri kimi həmişə hamı tərəfindən qəbul edilib.

İndiyədək çəkdiyi fotolardan ibarət yalnız “Qarabağ dünən, bu gün fotolarda” adlı bir kitab çap edilib. Dörd dildə nəşr edilən kitab Babək Quliyevin Qarabağ bölgəsində çəkdiyi fotoşəkilləri əhatə edir. Burada işğal olunmuş Azərbaycan torpaqlarındakı tarixi abidələr, qədim memarlıq nümunələri, arxeoloji ərazilər, kurqanlar, kurort zonaları, min illərlə yaşı olan şəhər və kəndləin müharibədən əvvəlki şəkilləri daxildir.

Onun yaradıcılığının böyük bir hissəsi isə arxiv olaraq qalır. Hansı ki, hər bir şəkil öz-özlüyündə bir kitab mövzusu hesab edilər.

Bəlkə də kimsə, nə vaxtsa fotoqraf, hərbi reportyor Babək Quliyevin yaradıcılığından ibarət sərginin keçirilməsinə, onun çəkdiyi fotolardan ibarət kitabın nəşr olunmasına maraq göstərər. Fakt hələ faktlığında qalır ki, çox dəyərli məlumatları özündə əks etdirən bu şəkillər cəmiyyətimiz üçün böyük maraq kəsb edə bilər.


 Azadə Bayramova

Ordu.az

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.


İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?