“Tapşırıqlar sərtləşdirilsə daha xoş olar”

Kənan Novruzov

Son illərdə ölkəmizdə jurnalistikanın xüsusi bir sahəsi-konfilikt jurnalistikası inkişaf etməkdədir. Bu, media nümayəndələrinə müxtəlif ekstremal situasiyalarda, o cümlədən təbii fəlakətlər zamanı informasiyanı əldə etməyi və operativ şəkildə redaksiyaya ötürməyi öyrədir. Şübhəsiz ki, konflikt jurnalistikanın sirlərinə yiyələnmək müharibə şəraitində olduğumuz bir vaxtda Azərbaycan jurnalistləri üçün xüsusilə vacibdir. Sevindiricidir ki, kişilərlə yanaşı zərif cins nümayəndələri də hərbi jurnalistikaya maraq göstərirlər. Onlardan biri də “Mercekhabər” qəzetinin əməkdaşı, Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin məzunu Azadə Bayramovadır. Azadə xanımla görüşüb onunla bu sahəyə marağı, eləcə də, digər suallar ətrafında həmsöhbət olduq. Müsahibimiz bizə əhatəli cavablar verdi:

– Hərb sahəsini sizə bu qədər sevdirən nədir?

– O “nə” lər çoxdur. Ən əsası, gördüyüm münaqişə fonunda güc, müdafiə, maraq.
Bir də zərurət. Məncə, çox seçimlər var ki, onlar zərurətdən yaranır, o olmasa seçim etmək istəməzsən. Əslində ekstremal jurnalistikaya daha çox meyilliyəm. Ancaq indiki vəziyyət tələb edir ki, ekstremal şəraitə uyğun olan hərbi sahədən daha çox yazım. Təbii ki, sərhədsiz yaşamağı istəyərəm. Cəbhə zonası, təmas xətti, neytral ərazinin olmadığı səngərsiz yaşamağı. Ancaq zərurət var ki, seçim və seçdiyini qəbul edəsən.

– Hərbiyə marağı olan jurnalistlər adətən cəbhə müxbiri kimi çalışırlar. Bəs siz bu barədə heç düşünmüsuz?

– Düşünmüşəm, necə deyərlər, papağı qarşıma qoyub uzun-uzadı düşünmüşəm. Hərbi jurnalist olmaq istəməsəm də hərbidən yazan, siz dediyiniz kimi cəbhədən yazan jurnalist olmaq istəyirəm. Ancaq özümü yalnız bununla çərçivələmək fikrim də yoxdur. Yəni hədəfim bütün ekstremal vəziyyətdə mövcud şəraiti dəyərləndirərək informasiyanı əldə və emal etməkdir.
Sadəcə gələcəyin ekstremal jurnalisti kimi daha çox hərbidən yazan biri olaraq formalaşmaq qərarındayam.

Konflikt jurnalistikası ilə bağlı təlimlərdə iştirak edirsiniz. Həmin təlimlərdə nə öyrənmisiniz?

– Bəli, məktəbin ilk və bu ilki-beşinci təlimlərində iştirak etmişəm. İlk təlimdə gördüklərim, öyrəndiklərim, qazandıqlarım növbəti dəfə burada sevə-sevə iştirak etməyimə səbəb oldu.
Öyrəndiklərim təkcə fiziki hazırlıq, ya da iradə dözümlülüyü sərgiləməklə hüdudlanmır. Əsas qazancım psixoloji hazırlıq, hərbçiyə mane olmadan “gözəgörünməz” müxbir fəaliyyətini davam etdirmək, onunla bərabər “döyüşmək” oldu. Psixoloji hazır olmayan hər iki əlində silah tutmuş döyüşçü asanlıqla əliyalın düşməninə müti ola bilər. Jurnalist də, həmçinin. Psixoloji hazır olmayan savadlı və dünyagörüşlü jurnalist asanlıqla öldürülə, ən yaxşı halda girov götürülə bilər. Buna görə mənim üçün ən böyük dividend məhz müharibə vəziyyətinə görə psixoloji hazırlıq mərhələsini mənimsəmək oldu.

– Təlimlərdə indiyə kimi hansı çətinliklərlə üzləşmisiniz?

– Əslində bu cür təlimləri çətinlik olmadan təsəvvür etmək olmaz. Başqa sözlə desəm, təlimin mahiyyəti də çətinlik görmək və ondan çıxmaq priyomlarını tapmaqdır. Olmadıqda isə hətta “kəşf etmək”. Ona görə, demək olar ki, çətinlik çətinlik doğub. Rahat mühitdən söhbət gedə bilməz. Mənə görə ən böyük çətinlik təlimlərin daha humanist olmasıydı. Tapşırıqlar sərtləşdirilsə daha xoş olar.

– Yaxşı olardı ki, KJM- lə bağlı bir neçə xatirənizi də oxucularımızla bölüşəsiniz…

– Yadda qalan hadisələr çox olub, ancaq indi deyəcəyim hadisəni nə mən unuda bilərəm, nə də komanda üzvləri.
Deməli, layihədə çöl-meşə təlimləri də vardı. Həmin təlimlərdə biz çöl şəraitinə uyğun olaraq çadırlarda gecələyir, gündəlik qida əldə etməyə çalışır, dağa dırmaşma, dağdan enmə, qaçma kimi tapşırıqları yerinə yetirirdik. Eyni zamanda basqından müdafiə üçün gecə növbələri də vardı. Gecəboyu 4 nəfər növbətçi çadırın yaxınlığındakı ocağın sönməsinin qarşısını almalı, çadırdakıları qorumalı, bir sözlə ayıq-sayıqlıq göstərməliydilər. Həmin gecə növbətçilərdən biri də mən idim. Layihə rəhbəri Əlisəfa müəllim mənə çadırın bir tinində növbə çəkməyi tapşırdı və getdi. Kaş getməsəydi… Getdiyi kimi də cəmi 5 dəqiqə sonra geri qayıtmalı oldu. Arxasınca da 5 dəqiqə əvvəl mışıl-mışıl yatan çadırdakılar. Təlaşla, səs-küylə, ayıq-sayıq… Səbəbsə, mənim “Basqın!” deməyim olmuşdu. Gördüyüm qaraltıya görə elə bildim ki, kəşfiyyat hücuma keçib (gülür). Bu hadisə o gecədən sonra bütün söhbətlərin əlavəsi oldu.

– Müharibə şəraitində olduğumuzu nəzərə alsaq, gənc nəsil arasında vətənpərvərlik ruhu arzuolunan səviyyədə deyil. Sizcə, nə etmək lazımdır ki, hərbi-vətənpərvərlik ruhu yüksəlsin?

– Bəzən edəcəyin tövsiyyə birinə millətçilik kimi, digərinə dünyəvilik kimi görünür. Ancaq tək reallıq var, milli təşəbbüsə qulluq etmirsənsə, ona xələl gətirmə. Xeyir gətirməyənin xələl gətirmək haqqı yoxdur. Dünyanın ən kosmopolit insanı ola bilərsən, ancaq bu sənin xain, casus davranışlarına səbəb ola bilməz. Olmamalıdır. Buna görə, məncə, əvvəl jurnalist seçim etməlidir; peşə rituallarımı, yoxsa vətəndaş təəssübkeşliyimi. Ondan sonra ikinci yönü seçənlər bu sahədə istiqamətləndirmə işləri aparmalıdır.

– Yeri gəlmişkən, sizcə, jurnalist ekstremal vəziyyətdə, əvvəlcə, peşəsindən irəli gələn vəzifəni yerinə yetirməli, yoxsa ətrafdakıları düşünməlidir?

– Təbii ki, əgər şərait buna imkan verirsə, mümkün qədər ətrafdakılara kömək etmək lazımdır. Bu da birbaşa olaraq konflikt jurnalistikası ilə bağlıdır. Başqa bir tərəfdən isə əgər jurnalist başqasının vəzifəsini yerinə yetirirsə, bəs onun işini kim görəcək? Nəzərə almaq lazımdır, cəmiyyəti informasiyasız qoymaq da olduqca təhlükəlidir. Əksinə, gərək ictimaiyyətə məsələnin nə dərəcədə ciddi olduğunu göstərəsən ki, onlar növbəti dəfə etinasız hərəkət etməsinlər. Axı bir çox faciələrin səbəbkarı elə biz özümüzük. Bütün fəlakətlərin kökündə diqqətsizlik və laqeydlik dayanır.

– Bəs mətbuatın bu istiqamətdəki rolu nədən ibarət olmalıdır?

– Mətbuatın funksiyaları təkcə, maarifləndirmək, bilgiləndirmək deyil. Heç əyləndirmək də deyil. Onun bir funksiyası da var; səfərbər etmək. Hələ illərdə qəbul olunub. Hələ ötən əsrin 80-ci illərində Amsterdam universitetinin kütləvi kommunikasiya mütəxəssisi Mak-Kveyl bu funksiyadan söhbət açdı. Söhbət o funksiyadan gedir ki, burada milli maraq hissi bütün peşə rituallarından ümdə qəbul olunur, ölkənin mənafeyi şəxsi və xarici qüvvələrin mənafeyindən daha üstün olur. O funksiya ki, jurnalist vətəndaş təəssübkeşliyini və məsuliyyətini önə çəkir. Bir sözlə, jurnalist həm cəmiyyəti səfərbər edir, həm də özü səfərbər olur.

Azadə Bayramova

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.


İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

0 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?