Son Dakika Haberleri

"Əkinçi" ilə başlayan mətbuatımız - indi öz "əkin-biçini" ilə rahatlıqla məşğul ola bilir

"Əkinçi" ilə başlayan mətbuatımız indi öz "əkin-biçini" ilə rahatlıqla məşğul ola bilir

Salam, BSU. 70 yaşını qeyd edən təhsil ocağı. Nə beli bükülən, nə gözləri zəifləyən, nə də ki, əlləri əsən. Əksinə, dünya qarşısında dimdik dayanan, gələcəyə inamla baxan və əzmlə tələbələri ilə irəliləyən BSU.

photo_17667.jpg

Sənə bu məktubu yazan 19-cu əsrin azadlıq carçısıdır, Mirzə Fətəli Axundzadə. Doğrudur, bu ad yığını sizə qəliz gələ bilər onu səsləndirərkən. Necə ki, müasir dövrün məşhur Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markes də özü haqqında deyirdi: "Bu müxtəlif adlar yığını heç mənim də ürəyimcə deyil və onu çətinliklə özümə aid edirəm". O, bu sözləri təvazörkarlıqla deyirdi, ya doğrudan da belə idi, bilmirəm. Bildiyim odur ki, o da nə zamansa mənim kimi məktub yazmalı olacaqsa, mütləq öz ad yığını ilə fəxr edəcək. Çünki mən də bu gün adlar yığını olan "Mirzə Fətəli Axundzadə" ilə fəxr edirəm. Ona görə yox ki, bu adlar yığını füsunkardır, ya da ecazkar səslənir və s.

Ona görə fəxr edirəm ki, zamanında qətranını tükətdiyim mürəkkəblər indi faydasını verir. Bir zamanlar mətbəəsi belə olmayan ölkəm üçün nigaran idim. Türk dilində yazdığım əsərlərin rus dilində səhnələşdirilməsi məni lap naəlac vəziyyətə salmışdı. İndiysə... İndiysə dəyirman çox zadları üyütdü. O zadlar ki, haqqımız olan bizdən alınırdı, ancaq dəyirman daşından qaça bilmədi. Elə 21-ci əsrə üyüdüldü... Bu da nəticə!

Əvvələn onu deyim ki, mən nəyə görə məhz məktub yazıram. Yalnız ona görə yox ki BSU-nun yubileyidir. Həm də ona görə ki, bir vaxtlar azad sözə sədd çəkən senzuranın yaxasından bu janrla qurtula bildim. Dövrümün mütərəqqi ziyalılarına bu vasitə ilə məqsəd və prinsiplərimi çatdıra bildim. Və mən həmişə o məktubları saxladım, onları ünvanladığım kəslərə də təvəqqe etdim ki, əlyazmamı saxlasınlar. Elə Melxum xana yazdığım məktubda da əlavə eləmişdim ki, ona göndərdiyim məktubları əvvəldən axıra kimi xüsusi bir dəftərə köçürüb saxlasın. Çünki o məktublar biz öləndən sonra gələcək nəsil üçün tarixi sənədlər olacaqdır. Məyər belə olmadımı?

Ümumiyyətlə, əksər yaradıcılıq nümunələrimdə məktublarımla açıq polemikalara söykənmişəm. İstər elmi-fəlsəfi əsərlərimdə, istərsə də müasirlərimə yazdığım məktublarımda. Məlum məsələ, həmin dönəmdə milli mətbuat və nəşriyyat yox idi və mən də bu vasitə ilə müzakirələrə yol açmaq və beləcə, insanlar arasında sağlam fikir mübadiləsinin ilk cücərtlərini yaratmaq istəyirdim. Xülasə, məktublarla ziyalılara üz tutur və bu yol ilə polemikaya rəvac verirdim. İndi siz mənə deyin, heç bir milli çap texnikasının olmadığı bir vaxtlar mənim ideya və prisiplərimi təbliğ edən bu janr mənim əsas "məsləkdaşım" deyilmi? Məhz buna görə də o "məsləkdaşıma" xilaf çıxa bilməzdim. Ona görə yenə də yazıram. Yazıram ki, indiki nəsil ölkəsinin hansı çətinliklərlə üzləşdiyini bilsin.

Çox çətin də olsa yazmalıyam ki, dağ boyda olan Azərbaycanımın ürəyinə çəkilən ən böyük dağ onun milli mətbuatının olmaması idi. Aydındır ki, 15-ci əsrdə çap ixtirasına görə Venesiya kitab çapının paytaxtı elan olunur. Hətta 40 il ərzində Avropanın 260 şəhərində 1100 mətbəə açılır. Bundan çox keçmir ki, Rusiyada da ilk mətbəə fəaliyyətə başlayır (16-cı əsrdə). Ən yaxın ölkə olan Türkiyə də bu ixtiranın bəhrəsini görür (18-ci əsrdə). Bəs Azərbaycan? Bəs mənim ölkəm? Mirzə Şəfi Vazehin Vətənində 19-cu əsrdə hələ də mətbəənin olmaması hansı ədalətə sığır?!

Çünki çarizmin məqsədyönlü siyasəti bu işin icrasına "berlin hasarı" çəkdi. Ancaq həmin hökümət unutdu ki, özlərinin bənnalıq edərək çəkdirdikləri bu "hasar", əslində öz başlarına bəla idi. Çünki o sədd uçdu və uçurulmuş səddin toz-tozanağı onları kül kimi sovurdu...

Ancaq sələflərin gördüyü işin nəticəsidir ki, bu gün ölkəmiz tamamilə dəyişilib. "Əkinçi" ilə başlayan mətbuatımız öz "əkin-biçini" ilə rahatlıqla məşğul ola bilir. Təpədən-dırnağa hara baxsan, mətbuat nümunəsi görə bilərsən.

Doğrudur, mən bu yolda çox çaba göstərdim, çox vuruşdum, ancaq sonda başa düşdüm ki, yalnız mənlə bir məqsəd hasil olmayacaqdır. Ona görə də bu istiqamətdə iş aparanlara dəstək olmağı daha üstün bildim. Elə bu səbəblə də H.Zərdabiyə məktub yazdım: " Əzizim, gözümün işığı Həsən bəy, mənim xalqıma mənsub olan birinci adamsan ki, ömrümün bu son dövründə kədərli qəlbimin təsəllisinə bais oldun. "Əkinçi" ilə mənə dünyanı bağışladın. Dilini də bəyəndim. Sadə dildə yazırsınızki, camaat sizi anlasın". Bəli, elə belə də yazdım. Lakin sevincim uzun çəkmədi, çünki qəzet cəmi 56 sayını çıxara bildi. Sonra isə...Tamamən bağlandı!

Doğrudur, sevincim ürəyimdə boğuldu, ancaq bu gün o sevinc gözlərimdə parlayır. Parlayır ki, Bakı Slavyan Universitetinin tələbələri (Xəyal İbrahimzadə və Həmid Məcidli) bu qəzetin 57-ci sayını formal da olsa çıxara bildilər. Demək ki, onlar mətbuatımıza biganə qalmırlar, Həsən bəy Zərdabiləri, Mirzə Fətəli Axundovları və digərlərini unutmurlar. Deməli, gənclik unudulan, əzilən, yonulan tarixin izini həmişə tapmağa hazırdır.

Yadımdadır, hələ bir dəfə H.Zərdabi ilə belə bir söhbətim olmuşdu. Həmin vaxtlar çox ağır xəstə idim, nə isə özümü yaxşı hiss etmirdim, əcəl qulağımda avazla oxuyurmuş, sən demə. Həsən bəy mənə "Hacı Qara" əsərimin səhnələşdirildiyini dedi, özü də düz iki dəfə ard-arda. Bəs məndən soruşanda ki, - "Eşitdim, Tiflisdə də "Müsyo Jordan və dərviş Məstəli şah" oynanılıb", - dedim, - "Hə, ancaq rus dilində. Axı nə vaxta kimi türk dilində yazdığım əsərlərim rus dilində səhnələşdiriləcək?!". O isə mənə dedi ki, - "Darıxma, darıxma ay Mirzə, o gün mütləq gələcək".

Bax bu söhbət məni xeyli xoşhal eləmişdi. Çünki bilirdim ki, o gün gələcək. Gəldi, gəldi o gün ay Həsən bəy. İndi ölkəmdə N.Vəzirovun, M.S.Axundovun, C.Məmmədquluzadənin əsərlərinə dəyər verilir. İlk əsərim 1873-cü ildə oynanılsa da, daha ölkəmizdə Akademik Milli Dram Teatrından tutmuş Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına kimi var.

Hətta BSU-nun Məktəb-Lisey Kompleksində belə teatr tamaşaları qurulur və bu da şagird-tələbə heyətinin marağına səbəb olur. Götürək elə ötən ili. Ötən il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sonuncu kurs tələbələri C.Məmmədquluzadənin "Ölülər" əsərini səhnələşdirdilər. Bu, ölkədə universitetlərarası əlaqənin yüksək səviyyədə olmasını göstərmirmi?

Məni sevindirən başqa məsələlər də var. Amma onlardan öncə məni narahat edən məsələlərdən danışmalıyam. Belə ki, həmişə ərəb qrafikasının dəyişdirilməsini, gənclərimizin, xüsusən də qızlarımızın təhsil almasını, ölkəmizin Avropaya inteqrasiyasını, cəmiyyətimizin cəhalət buxovundan azad olmasını, azad sözə əngəl olan nə varsa onları maariflə aradan qaldırılmasının vacibliyini vurğulamışam.

Məni sevindirən odur ki, bu gün gördüklərim bir vaxtlar arzusunda olduqlarımdır. Vaxtilə mənim məyus olduğum və narahat qaldığım məsələlər demək olar ki, öz həllini tapıb. Yadımdadır, mənim ərəb əlifbasını dəyişmək istəyimi islama zərər kimi qələmə verdilər. İstanbula, İrana səfər etsəm də bu görüşlərin heç biri müsbət nəticə vermədi. Hələ üstəgəl bu işimi dövləti yıxmaq kimi əsaslandırdılar. Ancaq indi vəziyyət tamam başqadır. Azərbaycan gəncləri öz əlifbası ilə təhsil alır, elm öyrənir, inkişaf edir.

BSU-da da Slavyan ölkələri ilə yanaşı, digər ölkələrin vətəndaşları təhsil alır. Hətta universitetin Fransa, Türkiyə, Yunanıstan, İsveçrə, Almaniya, Gürcüstan kimi ölkələrin nüfuzlu ali təhsil, elm və mədəniyyət müəssisələri ilə sıx münasibətləri var. Bütün bunlar ölkələrarası əlaqə, yeni mədəniyyət, dünyagörüş deməkdir. Demək ki, mənim xalqım bunu bacardı. Bəs bütün bu mütərəqqi tərəqqiyə necə nail olduq?

-Mətbuatımızla.

Ancaq çox təəssüflər ki, bu gün milli mətbuatın izini itirənlər onun əsasını 1832-ci ilə bağlayırlar. Onlar unudurlar ki, həmin dövrlərdə çıxan "Qruzinskie vedomosti"nin azərbaycanca kiçik əlavələri milli fikrə, vahid əqidəyə söykənmirdi. Yaxud da Qafqaz canişinliyində işlədiyim vaxtlarda çıxan "Zakavkazskiy vestnik" qəzetinin (1845) hansı vərəqəsi azərbaycanlı düşüncəsini əhatə edirdi ki? Gəlin "Əkinçi"mizə sahib çıxaq. Çünki yalnız onun məhsulu yerlidir və çox "dadlıdır".

Məktubumun əvvəlində yazdığım kimi, mən "Mirzə Fətəli Axundov" adlar yığını ilə fəxr edirəm. Fəxr edirəm ki, bu gün bu qədər irəliləyən təhsil ocağı yarandığı gündən (1946) ta 2000-ci ilə kimi o adı daşıdı. Mən fəxr edirəm ki, vaxtilə çap texnikası belə olmayan məmləkətimdə indi kitablarla zəngin olan qocaman milli kitabxana o adı daşıyır. Mən necə fəxr etməyim ki. Bir vaxtlar Şahbaz bəyləri Fransaya belə göndərə bilmirdim. Ancaq indi nəinki Şahbaz bəylər, elə onlarla yanaşı, Şərəfnisə xanımlar da dünyanın istənilən ölkəsinə gedə bilir. Çünki daha nə dərviş Məstəli şahların fövqəladə "gücünə" inananlar var, nə də ki, münəccimbaşların Əqrəb və Məğrib "kəllələşməsinə".

Əziz BSU, 70-ə kimi gəldiyin yolda büdrəmədin, yıxılmadın, çünki bu yol maarif, inkişaf, tərəqqi yoludur. Sənə bundan sonrakı yolunda da büdrəməməyi, yıxılmamağı arzu edirəm!

Hörmətlə: Sizin Mirzə Fətəli Axundov

Azadə Bayramova

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz


Şehir Markaları

1 yıllık yayın süresi ve makul bütçesi ile markanızı şehrinizde parlatın, bu tanıtım fırsatını kaçırmayın!

0 (544) 375 03 30
Reklam bilgi

Anket SİZCE TÜRKİYE "BEKA" SORUNU YAŞIYOR MU?