"Ayrılacağımıza inanmadığım tək nəsnə odur..."

P.S. Bu dəfə mənə yox, mən cavab verdim. 

 ... O vaxta kimi mən "Bütöv Azərbaycan"dan yalnız bir nəfəri-baş redaktor Tamxil müəllimi tanıyırdım və artıq dəfələrlə müxtəlif məqalələrim, esselərim adını çəkdiyim mətbu orqanda çap olunmuşdu. Azadə xanım isə təxminən bir il əvvəl həmin kollektivdən ikinci tanışım oldu. Bu, heç də təsadüfi deyildi. Günlərin bir günü hələ tanımadığım bu jurnalist "Facebook" da mənə yazaraq, işimi asanlaşdırmaq məqsədilə baş redaktora göndərdiyim bir yazımı(hansı olduğunu unutmuşam) yenidən ona göndərdiyimi istədi və operativ surətdə saytlarına yerləşdirdi. Sonrakə vaxtlarda qarşılıqlı hörmət, mehriban münasibətin nəticəsində tez bir zamanda necə deyərlər, həmkar kimi bir-birimizin dilini tapmağı bacardıq. Həqiqətən, səmimi, mehriban, öz işini sevən bir insandır Azadə Bayramova. 

Ötən müddət ərzində çox köməkliklər edib, xahişlərimizi yerə salmayıb (əlbəttə, Tamxil müəllimin nəzarəti altında). Bir neçə gün əvvəl ad günü idi. Qərara aldım ki, həmkarımdan bir müsahibə alım. Həm xatirə olsun, həm də hədiyyə. Sağ olsun, təklifimi yerə salmadı və suallarımı səmimi cavablandırdı:

-Uşaqlığınızı necə xatırlayırsınız?

- Xatırladığım qədər bilirəm ki, çox da dəcəl uşaq olmamışam. Ancaq anam deyir ki, bəzən də səssiz - səmirsiz gedirdin. Hara getdiyini bilmirdik. Evi ələk - vələk edəndən sonra qapının arxasında yatmış vəziyyətdə tapırdıq səni. Yəni səssiz dəcəllik deyə bilərik buna. Bir də digər nadincliyim çay içməyi xoşladığıma görə olub. Ailədə hər kəs çox yaxşı bilir ki, çay içmək mənim üçün ayrıca sevincdir. Yəni bir stəkan pürrəngi çay hər vəziyyətdə rahatlıq gətirir mənə. Uşaqlıqdan belədir. Bu istəyimə görə dəfələrlə əlimi, ayağımı, dodağımı yandırmışam da (gülür) Bu, həm də hər şeyi özümün eləmək istəyimdən doğurdu. Hələ bağçaya gedirdim, amma çaydanı qaldırmağa cəhd edirdim, çünki bu halda özümə çay süzə bilərdim. Hər dəfəsində də uğursuz olurdum. Düzü, bu mövzuda indi də çox uğurlu sayılmaram (gülür).

-Bu gün bacarıqlı gənc yazar və jurnalistlərdən birisiniz. Sizdə bu sahəyə maraq nə vaxt və necə yaranıb? -Təşəkkür edirəm. Qələmlə lazımından əvvəl tanışıq, yəni köhnə dostlardanıq. Orta məktəbə gedəndə çətinlik çəkməmişdim, çünki hərflərdən tutmuş rəqəmlərə kimi az-çox bilirdim. Yazı yazmağı o qədər çox sevirdim ki, kitabları ilin sonunda təhvil verəcəyik deyə ordakıları qalın dəftərlərə köçürürdüm. Ona görə evdə hər yerdə qalaq - qalaq sarı kağızlar, xətti pozulmuş yazılar, mürəkkəbi qurtarmış qələmlər də görmək olar. Bunu mənə heç kim demirdi, sadəcə eləmək istəyirdim. İndinin özündə də hər hansı kitab oxuyanda sitat adı ilə bütün kitabı köçürürəm qeyd dəftərimə. Yəni jurnalist olub olmayacağımdan asılı olmayaraq yazı yazmağa həmişə həvəsli idim. Əvvəl hərbiyə meylim olub. Sonra həkim, özü də cərrah. Bu haqda çox xatirələrim var. Hələlik qalsın. Nəhayət, bütün etirazlara rəğmən anladım ki, mən jurnalist olmalıyam.

- Məqalələrinizi bacardığım qədər oxuyuram. Yazılarınızdan belə hiss olunur ki, jurnalistikadan daha çox ədəbiyyata meyillisiniz. Yanılmıram ki?

- Yanılmırsınız, əksinə çox diqqətlisiniz. Çünki mən hərbçi olsaydım da yazacaqdım, həkim olsaydım da. Bu gün dərzi də ola bilərdim. Ancaq bilirəm ki, yenə də ədəbiyyata olan marağım mənimlə olacaqdı. Ayrılacağımıza inanmadığım tək nəsnə odur...

-Ədəbiyyatdan söz düşmüşkən, bildiyimə görə mütaliəni də sevirsiniz. Ən bəyəndiyiniz əsəri oxucularla bölüşə bilərsiniz?

-Çox oxuduqca sevdiklərim azalır. Ancaq elə əsərlər var ki, illər əvvəl oxumağıma baxmayaraq kölgədə qalmır. Yerli ədəbiyyatdan Cəlil Məmmədquluzadənin, Yusif və Vaqif Səmədoğlunun yaradıcılığını sevirəm. Yalnız tək seçim imkanım olsaydı Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" romanını deyərdim. Əgər əsər estetik nümayişdən əlavə, həm də dövrü qarasıyla-ağıyla göstərməyi bacarırsa, deməli, uğurludur. Dünya ədəbiyyatından Cek Londonun "Martin İden", Harriyet Biçer Stounun "Tom dayının daxması", Çexovun "6 nömrəli palata" əsərlərini qeyd etməyə bilmərəm.

-Heç qələminizi nəzmdə sınamısınız?

-Hə, sınamışam. Sadəcə sınamışam, ancaq nə yalan deyim, məncə nəzmdə qələmimin ucu sınır. İlk şeiri 8-9 yaşımda yazmışdım, təbiət mövzusunda idi. Sonra birinci kursda da yazdım, bir neçə internet portallarında yayımlandı da. Ancaq nəzmdə bacardıqlarım nəsrdə az-çox bacardıqlarıma çatacaq qədər deyil. Heç bir halda.

-Məşhur yazıçı Mark Levi özünün "Yenidən başlamaq mümkün olsaydı" əsərində "anı yaşa və yaşadığını unut" fikrini əsas leytmotiv seçib. Sizin bu fikrə münasibətiniz necədir? 

-Ümumi deyə bilərəm ki, anı yaşamaq da lazımdır. Hətta yaşamaqçün anı yaşamalısan da. Ancaq anı yaşadıqlarını unutmaqçün yaşamaq özünü aldatmaqdır. Çünki yaşananlar pis - yaxşı yaşanıb, sənə aiddir, sənindir. Sənə aid olanları necə ana qurban vermək olar ki? Anı yaşamaq yaşadıqlarını qalınlaşdırar, nəinki unudar. Unudulanlarsa yaşamadıqlarındır. Onları unutmaqçün heç ana da gərək qalmır.

-Əgər imkanınız olsaydı, keçmişə qayıtmağı, yoxsa gələcəyi görməyi seçərdiniz?

-Məncə, heç birini seçim eləməzdim. Bəlkə də, belə imkanım olmayacağını bildiyimə görədir (gülür). Ancaq keçmişə qayıdıb nə isə dəyişsək belə bu gün və sabahda elə də böyük fərq olacağını düşünmürəm. Hətta ikinci dəyişiklik xoş olmaya da bilər. Məncə, nə qədər tünd, ya da açıq olsa da keçmiş olduğu kimi qalsın. Gələcəyisə görsəm indiki mübarizəmi davam etdirib - etdirməyəcəyimə əmin deyiləm. Odur ki, gəlin o imkanları məhdudlaşdıraq (gülür). Keçmişi bilirəm, gələcəyisə imkan olsa görəcəm.

-Gərgin iş rejimi ilə çalışırsınız. Bəs özünüzə və yaxınlarınıza kifayət qədər vaxt ayıra bilirsinizmi?

-Özümə ən böyük qınağım budur. Yaxınlarıma lazımi qədər vaxt ayıra bilməməyim. Ümid edirəm, mən özümü bağışlaya bilməsəm də onlar məni bağışlayar buna görə.

-Asudə vaxtlarınızı necə keçirirsiniz? Hobbiləriniz varmı?

-Asudə vaxtlarımda da çox vaxt fikri olaraq məşğul oluram. Buna görə bacardığım qədər piyada gəzməyə, velosiped sürməyə, ya da rəqs etməyə çalışıram. Çünki bunları edəndə beynimə azadlıq verdiyimi düşünürəm, sanki daha onu kəllə sümüyü sıxmır kimi, məsələn. Yaxşı alınmasa da gitara da marağımdadır. Ancaq hər dəfə yeni əl iş bacarıqlarını öyrənməyə və foto çəkməyə üstünlük verirəm.

-Yola saldığımız 2017-ci il xatirənizdə necə qaldı?

-2017 əvvəlki iki ildən elə də fərqlənmədi. Uğur və sevinclərim o illərdəki problemlərimi örtəcək qədər böyük olmadı. Ancaq təəssüflənmirəm. Çünki bunlar 2018-ci ildə qəti qərarlar qəbul etməyimə zəmin yaratdı.

-Bir neçə gün əvvəl ad gününüz idi. Sirr deyilsə sizi ilk təbrik edən kim oldu? 

-Düzü, bu, mənə də sirrdir. Çünki ilk təbrik edənin kim olduğunu özüm də bilmədim (gülür).

-Yeni yaşınızda hansı arzularınızın həyata keçməsini istəyərdiniz? 

-Arzu desəm böyük çıxacaq. Sadəcə bu il etmək istədiklərim var. Təhsilimlə bağlı növbəti mərhələni keçməyi, iş təkliflərini düzgün qiymətləndirməyi və nəhayət ki, bu il işarət dilini öyrənməyi əsas hədəf seçmişəm.

-Sonda əlavə etmək istədiyiniz bir şey varmı? 

-Sizə uğurlar arzulayıram. Çünki bu, sizdə alınır.

Kənan Novruzov 

Azadə Bayramova

 

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder

#


Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?