logo

reklam
09 Ekim 2016

Vüsalə Qələndərli – Balacalaşmayaq insanlar, böyüyək mümkünsə!…

Böyümək istəyən uşaqlar və balacalaşmaq istəyən böyüklər…



Kaş mən də uşaq olaydım… bu ifadəni işlətməyən böyük yoxdur. Baxmayaraq ki, o yolu hamımız keçmişik, amma həmişə dönüb o yollara həsrətlə baxmışıq. Kaş uşaq olaydım… unnamed-1

Heç fikir vermisizmi, biz uşaq olmağı arzu edərkən uşaqlar da böyüməyi arzu edərlər, niyə bilirsiz? Çünki onlar da özlərini ən aciz bilirlər, bu asılılıqdan qurtarmaq istəyirlər. Çünki onların da daxilində böyüklük eşqi var. Onlar böyümək istəyir, şəxsiyyət olmaq istəyir, böyük adamlar olmaq istəyir…. Biz böyüklər isə, deyəsən acizləşməyə doğru gedirik. Uşaq olmaq istəməklə zəiflik göstəririk, problemlərdən qaçmağa çalışırıq, yəni biz balacalaşmaqla bütün məsuliyyətdən azad olmağı arzulayırıq.

***

Uşaqlar artıq yaşlarından çox böyük düşünməyə başlayıblar. Hətta ailənin ağır yükünü balaca ürəklərində çəkəcək qədər.
Uşaqlar… Ən məhsum, ən günahsız varlıqdır, lakin, çox vaxt  ən böyük işğəncələrə belə məruz qalırlar.

Bəzi uşaqlar sevgiylə böyüyərkən, bəziləri sevginin nə olduğunu belə bilməzlər. Bəzi uşaqlar əylənərkən, bəziləri əyləncənin nə olduğunu bilməzlər. Bəziləri var -dövlət içində üzərkən, bəziləri çörəyə həsrət qalarlar, uşaqlar var dünyanı bəzəyər, uşaqlar da var ki dünyada onlara bir gün uşaq kimi yaşamaq haram sayılar, döyüş meydanlarında əzilər, ayaqlar altında qalar, aclıqdan susuzluqdan, ölərlər….

Bəzi uşaqlar yemək seçimi edərkən, bəziləri yeməyə bir şey tapmazlar… Bəziləri bayramı hər gün yaşarkən, bəziləri ömür boyu yaşamazlar.. Uşaq olmaq bumu?!

Ailədəki kasıbçılığı başa düşən uşaqlar böyümək istəyir, ailəsinə dəstək ola bilmək üçün. Problemlərdən qaçmağa çalışan böyüklər isə balaca olmaq istəyir.
***
(Görün vəziyyət hansı həddə çatıb ki, uşaq olmağı nə qədər istəyirsə böyüklər, onlar  üçün uşaq bağçası da açıldı. Bəli,  qəribə də olsa, Rusiyada Novosibirsk vilayətində böyüklər üçün uşaq bağçası açılıb. Lunta Yevgeniy Pyatkovskiy adlı fiziki şəxsin dediyinə görə, bu, Rusiyada ilk belə məkandır və analoqu yoxdur: Biz dostlarımızla müzakirə apardıq və qərara gəldik ki, özümüzü axırıncı dəfə ən çox uşaq bağçası illərində xoşbəxt hiss etmişik. Və elə bu söhbətdən böyüklər üçün uşaq bağçası yaratmaq ideyası ortaya çıxdı”.
Böyüklərin uşaq bağçasının menyusuna südlü sıyıq, meyvə püresi və sair yeməklər daxil edilib. Böyüklərin ən böyük əyləncəsi qumdan və plastilindən ev düzəltmək olacaq).
                                                                               ***
Təhsildən yayınan uşaqlar, təhsil almaq imkanı olmayan uşaqlar, azyaşlı olmasına baxmayaraq çörək pulu üçün küçələrdə iş axtaran uşaqlar, əməyi istismar olunan uşaqlar, xəstələnincə dərman ala bilməyən uşaqlar, uşaq pulundan belə məhrum edilən uşaqlar… onlar özlərini müdafiə üçün  böyümək istəyir, biz isə….
Onlar böyümədi… böyüsəydilər…

Bütün dünyada, eləcə də Azərbaycanda müharibə zamanı saysız uşaqlar həyatını itirib.
Təkcə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərinin işğalı zamanı bir gecədə vəhşi qətliamın qurbanı olan 613 dinc sakindən 63-ü məhz uşaqlardır. Gühansız körpələr, yeniyetmələr amansızlıqla, işgəncələrlə öldürülüb, başları kəsilib, gözləri çıxarılıb, dərisi soyulub, süngüyə taxılıb.
Erməni işğalçılarının Xocalıda törətdiyi qanlı cinayət nəticəsində 76 azərbaycanlı uşaq isə əlil olub.
Soyqırımlar, qanlı yanvar gecəsi nə qədər günahsız uşaq həyatını itirdi. Hələ də dünyada nə qədər uşaq aclıq və səfalət içində yaşayır. O uşaqlar da böyümək istəyirdi, amma olmadı…
Təəssüf ki, xoşbəxtlik saçan gözlərini əbədi yuman mələklər az deyil. Həm də kimlərinsə günahı üzündən.

Bu uşaqların bir qismi də 19 may alovunda diri-diri yanan körpə mələklərdir. Onlar dünyanın ən gözəl və məsum uşaqları idi. Onlar gülüşləriylə bütün dünyanı isidəcək qədər gözəl idi. Lakin onları elə odda-alovda yandırdılar ki, bundan sonra bütün dünya birləşsə, ürəyimizdəki yanğını, acını soyuda bilməyəcək.

Bunu edən böyük qazanc əldə etmək istəyən vicdansızlar oldu…

Nə yazıq ki, yol terrorunun, həkim səhlənkarlığının qurbanları da az deyil…

İŞİD-in qurbanı olan uşaqlar da var.
Siyasət oyununda oyuncağa çevrilmiş uşaqlar da… Onların müdafiəsinə kim qalxacaq?! Və nə zaman?!
Dünyann bəzəyi olan uşaqlar bəzəksiz qalıb
Dünyada nə qədər uşaq var, amma uşaqlığını yaşaya bilməyən, böyüməyən uşaqlar da az deyil…   İşgəncələrə, ədalətsizliklərə ən çox məruz qalan onlardır… Dünyaya gəlmədən onun yaşayıb- yaşamayacağına qərar verilən uşaqlar olur… Doğulduqdan sonra, köməyə möhtac -yenə uşaqlar olur.
Həyata tutunmağı bacarmadan həyatdan qoparılan uşaqlar, heç vaxt böyümürlər.
 
Ailə zorakılığı, işgəncələrə məruz qalan uşaqlar, böyük başbilənlərin qurduğu siyasət oyunlarının qurbanı olan uşaqlar….  Bu deyilmi uşaqlıq…. Köməksiz qalan bu məsumlara həsəd aparmaq nə qədər böyüklükdür?!…
Balacalaşmayaq insanlar, böyüyək mümkünsə… Ağlımızla, mənəviyyatımızla, bacarıqlarımızla, insanlığımızla böyüyək, böyük adam olaq. Böyüyək ki, balacalarımızı da qoruyub böyüdə bilək….

Vüsalə Qələndərli

Share
302 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

4+8 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

UA-36507442-2