logo

reklam
28 Mayıs 2017

Vətənin vətəndaşı, bir işıq da sən yandır!

  Vətən – necə də səlis və gözəl səslənir bu ifadə. Bəlkə də müqəddəsliyindəndir belə təmtaraqlı və
mənalı səslənməsi. Heç təsadüfi deyil ki, bizə həyat bəxş edən “Ana” kəlməsi ilə “Vətən” anlayışını birgə işlədirik, Ona “Ana Vətən” – deyirik. Atalarımız demiş: “Ana kimi yar olmaz, Vətən kimi diyar”.
      Əbədi və dəyişməz olan Vətən Tanrının bizə nəsib etdiyi bəlkə də ən ali nemətdir. Bizi ona
bağlayan təkcə yaşadığımız torpaq, başqa sözlə, coğrafi mühit deyil: əcdadlarımızın əbədiyyətə
qovuşduğu yurddur, gələcək nəsillərin pöhrələnəcəyi məkandır, ona olan ülvi hisslərimiz, vəfa
borcumuzdur… Vətənə olan sevgi sələflərimizdən bizə ötürülmüş ən dəyərli mənəvi keyfiyyətlərdəndir.
     Mərhum şair Abbas Səhətin Vətən sevgisi ilə yoğrulmuş şeirlərindən birinin bəndində Vətənin
əzəmətliyini, dəyərini…, ona olan sevgini sözün qüvvəsi ilə belə ifadə edir :
                                          … Vətən – əcdadımızın mədfənidir,
                                          Vətən – övladımızın məskənidir.
                                          Vətənin sevməyən insan olmaz,
                                          Olsa, o şəxsdə vicdan olmaz…
      Təkcə Vətəni qorumaqla, Ona olan borcumuzu ödəmiş sayılmırıq. Tariximizi yaşatmaq, milli-
mənəvi dəyərlərimizə sayğı, dövlətimizin inkişafı üçün çalışmaq və bu kimi üzərimizə düşən vəzifələr Vətən sevgisinin hissələridir. B. Vahabzadənin sözləri ilə desək, Vətənin bizə deyil, bizim Vətənə borcumuz var.
      Bu gün hansısa məktəbli gələcəyə nikbin baxmaqla – əla təhsil almaqla, peşəkar kimi yetişməklə
Vətəni üçün işıq yandıra bilər. Müəllim ədalət prinsipinə hörmət edərək fidan balalarda Vətənə sevgi
hissini formalaşdıra bilər. Hər kəs öz işini vicdanlı şəkildə yerinə yetirsə Vətəndə yanan işıqlar qaranlığı aydınladar.
      “Təhsil millətin gələcəyidir” – deyib H. Əliyev. Artıq silahlardan açılan mərmilər elm, təhsil qədər
uzağa atıla bilmir.
      Rus şairi Nekrasov: “Özünü vətəndaş zənn edən bir şəxs Vətənin dərdinə yad qala bilməz” – deyirdi. Əxlaqi keyfiyyətlərə yiyələnməkdən tutmuş, hərbi xidmət borcunu yerinə yetirməyə qədər atılan hər addım Vətənin inkişafı deməkdir.
      Vətən bizə əmanətdir. Biz də gələcək nəsillərə əmanət verəcəyik. Onlar da sonrakı nəsillərə…
      Səmavi kitablarda, dünyanın bütün ölkələrinin milli-mədəni irslərində, yazıçıların, şairlərin
əsərlərində Vətən anlayışı xüsusi ehtiramla yad edilir. Sanki insanın ruhi ilə yanaşı cismi də rahatlaşır.
      Çünki Vətən cismimizi təhvil verəcəyimiz torpaq, ruhumuzu yüksəklərə qaldıracaq səmadır. O satılmır.
                                                       Vətəndən pay olmaz!
       “Abad kənd, tüstüsündən bilinər” – deyib ulularımız. Abad Vətən orada yaşayan insanların
birliyindən doğar. Vətən ona sahib çıxacaq, dəyər verəcək, uğruna hər zillətə qatlaşacaq övladları
olmasa, Vətən deyil. Onların birliyi – Vətənin firəvanlığıdır. Rus tənqidçisi Belinskinin sözləri ilə fikri tamamlamaq yerinə düşərdi: “Öz vətəninə mənsub olmayan insan bəşəriyyətə də mənsub deyil”.
                  Və sonda…
       Vətənin vətəndaşı! Bu Vətən, sənin üçün nələr etməyib? Havasını udmusan, suyunu içmisən,
torpağında gəzmisən, çörəyini yemisən. Sən, bəli sən, Vətənin üçün nə etmisən? İşinə məsuliyyətlə
yanaşmaqla, sənə verilən vəzifəni layiqicə yerinə yetirməklə, vəzifəndən sui-istifadə etməməklə…
Vətənin üçün nə qədər yaxşılıq etməyinin fərqindəsənmi?! Bir həmvətandaşına yaxşılıq etməklə nəyinki Vətənininə insanlığa yaxşılıq etmiş olursan. Vətənə qayğı kamilləşməyindən, yüksək əqlə, zəkaya, əxlaqa… yiyələnməyindən başlayır. İçində Vətən sevgisi olan küçəyə zibil atmır.
 Vətəndaşına əziyyət verən kəsdə Vətən sevgisi olmur.
      İndiki reallığı qiymətləndir – əgər başlayırsansa indidən başla… Vətənin vətəndaşı, bir işıq da sən yandır:
                                                  …Vətəndaş olmasa boş şeydi Vətən,
                                                  Beş günlük, on günlük güney qarıdır.
                                                  Vətən məfhumunun özəyindəki
                                                  Vətənin vüqarlı oğullarıdır… (X. R. Ulutürk).
RizvanYardımlı

Share
91 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

8+3 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

UA-36507442-2