logo

25 Haziran 2017

Ümid yoxsa səbr ?

 

 Ürəklərdə cücərən ümid toxumu, gələcək günlərə açılan bir sabahdır. Səbr isə gözlədiyin xoş günlərin şirin meyvəsidir. Ümid və səbr həyat üçün əsas meyardır. Bəs görəsən, insanlar üçün ümid əsas meyardır yoxsa səbr?

Aytac Mustafayeva ( Tələbə)

Əlbəttə ümid əsas meyardır.Çünki insanı yaşadan, ayaqda tutan şey ümiddir. Səbr ümid etdiyinin  həyata keçməsi üçün  bir vasitə, bir addımdır. Məsələn, xaricdə təhsil almaq istəyirsən, əvvəl orada oxumaq üçün ümid yaranır. Sonra səbr (dərs oxuyursan,bir dəfə cəhd edirsən alınmır,sonra bir daha, bir daha. Səbr etsən, sonda mütləq uğur qazanarsan).Ya da zülmə qarşı əlindən bir şey etmək gəlmir.Ümid edirsən ki, sonunda  İlahi ədalət yerini tapacaq. Yenə səbr edirsən.Yəni mənə görə səbr ümiddən doğur. Yoxsa arzusuz, ümidsiz insan niyə səbrli olsunki?!

 

Maral Əliyeva (İbtidai sinif müəlliməsi)

Səbr mənim üçün əsas meyardır ki, çalışıb nəticənin alınmasını gözləyirsən.Ümid isə heçnə etmədən nəyinsə yaxşı olmasını gözləməkdir. Şagirdlərimin üzərində əziyyət çəkib, gözəl  nəticə göstərəcəkləri anı səbrlə gözləmişəm.

 

Şəbnəm Həsənova  (Məşqçi,Volleybolçu)

Mənim üçün ümid və səbr ayrı-ayrı anlayışdır. İnsan bir hadisənin sonunu gözləyərkən, həm ümid edir, həmdə səbr edir. Səbr edərkən insan sonunu gözləməyə bilir. Fikrindən daşına bilər, geri addım ata bilər. Sonu uğursuz ola bilər. Amma ümid edərkən, sona kimi düşünürsən. Geri addım atmağa cəhd etmirsən. Buna  görədə, mən hər zaman ümid edirəm. Səbr isə elə də əhəmiyyətli rol oynamır. Bəlkədə, kiminsə həyatında səbr əsas meyardır. Amma mən hər zaman  ümidlə yaşayıram.

 

Günel Eyvazlı (Tərcüməçi)

Ümid və səbr-hər ikisinin insan  həyatında öz yeri və önəmi vardır. Səbr nəticəsindən hər hansı  problemin və ya məsələnin daha yaxşı  sonluqla nəticələnməsinə  vəsilə olur.Ümid çox vacibdir, insanın həyatını bütün çətinliklərə rəğmən davam etməsi üçün xoş gözləntilərdir.Ümid, zənnimcə, həyatı daha mənalı edir.

 

Elvin Həşimi ( Menecment)

Ümid səbrdir. Əslində insanlar düşünə bilərki, bunların əlaqəsi nədir? Ümid etmək-səbr etməkdir. Bu mövzuda çoxlu aforizmlər qeyd edə bilərik. Məsələn, Balzak deyibki,”səbrli olmağı bacaran gec-tez öz istəyinə çatacaq”. Bu o deməkdir ki, biz insanlar ilk olaraq nəyəsə ümid edirik. Və  o,  ümidin gerçəkləşməsi üçün səbr edirik. Fikrimcə, ümid edən insan, həm də səbr etməlidir. Nəticə etibarı ilə sırf öz fikrimi bu cümlə ilə tam ifadə edə bilərəm.”Ümid etmək səbrin təməli, səbr isə xoşbəxtliyin açarıdır”.

 

Rizvan Fikrət oğlu ( Jurnalist, yazar)

Ümid və səbr-dediyimiz hər iki anlayış bir-birini tamamlayır. Ümid-odur ki məqsədlisən, niyyətin bəllidir və reallaşacağını bilir, məqsəd və məramdan yayınmır, habelə ümid edirsən. Fəqət və lakin səbrin olması mütləqdir ki, nəticəni görə biləsən.Ümid anlayışını bəyənmirəm və hətta deyərdim ki, ümid etməyə nifrət  edirəm.Ancaq ümid etməyin özündə bir güc,stimul var.

 

Azadə Bayramova (Jurnalist, yazar)

Mənə görə, səbr çox mənalı anlayışdır,hər kəs bunu müxtəlif tərəfə çəkə bilər. Kiminə görə, qorxaqlıq, itaətkarlıq, kiminə görə isə yalnız hidayətə gedən yoluna açarıdır.Tələsib təndirə düşənlər, sonradan səbr edənlərdir. Gərək o təndirə düşmədən öncə səbrə yönələk, çünki həqiqətən də səbr gec, amma yaxşı bar verən meyvədir. Və əgər o səbri daşırmadan ümidə də yer ayırsaq, nə gözəl. Ümid,insanı ayaqda tutan ilklərdəndir, çünki.  Sadiq əleyhissalam buyurur:”Səbr kasası daşdıqda ümid qapısı açılar”.

“İmam Sadiq əleyhissalamın yanına bir qadın gələrək deyir: “Oğlum, səfərə gedibdir və neçə vaxtdır ki, ondan bir xəbər yoxdur. Onun üçün darıxmışam. Mənim üçün Allahdan kömək istə”.İmam buyurdu: ”Səbr et”. Bir müddətdən sonra o qadın gəlib şikayətlə oğlunun gəlmədiyini söylədi.İmam buyurdu:”Demədimmi səbr et?”. Qadın dedi: ”Nə qədər səbr edim? Səbrim tükənib”.İmam buyurdu: Get evinə, oğlun qayıdıb.Qadın evə qayıdıb oğlunu gördükdə gəlib  imama dedi: Peyğəmbər (s)-dən sonra məgər vəhy nazıl olur? İmam cavab verdi:”Xeyr,lakin səbr tükənəndə ümid qapıları açılar. Sən dedin ki,səbrim tükənib,bildim ki,Allah-təala oğlunun gəlişi ilə sənin üzərindən bu çətinliyi götürürmüş”(Vəsaili-şiə 2-ci cild,24-cü bab, hədis9)

 

Yaqut Hüseynova (TC “UYGAD” cəmiyyətinin Azərbaycan təmsilçisi)

İnsanı yaşadan ümid,inam,arzudur.Amma nəticə Səbrin və zəhmətin sayəsində ərsəyə gəlir. Ümid və səbr bir-birinə bağlı meyarlardır. Onları ayırmaq mümkün deyil. Tamlığı isə zəhmət yaradır.

 

İmamət İsmayıl Ədil Bəyli (Jurnalist)

Mənim düşüncəmə görə ümid əsas meyardır. Lakin onun bütün hallarda səbrlə əlaqəsi var. Amma bütün hallarda düşünürəm ki, bir növ səbr etmək, ümid etmək üçün əsas meyardır.

 

Könül Hasani (Musiqiçi)

Ümid əsas meyardı yoxsa səbr?  Gözəl başlıqdır, amma həyatda ümidim yoxdur desəm, gülməli səslənə bilər, çünki belə bir deyim var: ”Ümidsiz insan heçnədir”. Hər kəs kimi mənimdə özümə məxsus arzularım olub və ümid etmişəmki, həmişə nail olacam. Hər dəfə ümid etdiqcə, sanki, arzularım məndən uzaqlaşırdı…Ümid etməyi, atamdan öyrəndim. Onun keçirdiyi xəstəliklə əlaqəli olaraq atamla birlikdə ümid etməyi öyrəndim. Atamda mənim kimi ümid edir ki, nə zamansa sağalacaq, ayağa qalxacaq, yenə qapıdan evə içəri daxil olacaq, yenə hər istədiyimiz olanda gecə yarısında marketə gedəcək.Atam hər ümid etdikcə, onun ümidinə heyran oluram. Axı bilirəmki, bu mümkün olmayacaq. Bilirəm ki, onun ümidi səbəbsizdir,ümidlər sonsuz,ümidlər boşdur.

Mənim meyarım səbrdir. Yəni sanki, hər işimi kənara atıb, hər işimi Allaha həvalə etməkdir.Dua edib, səbr etməkdir. Əgər Allah qismət etsə, xoşbəxt edəcək. Yox qismət etməsə” hər işdə bir xeyir”vardır deyib, səbr edəcəm.Bəlkədə həyat seçiminin ümidlərindən qorxduğum üçün səbrə sığınmışam.

 

Günel Ağayeva

Share
315 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

4+6 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

UA-36507442-2